TƏLİM MƏQALƏSİ 47
Bir-birinizə məhəbbətinizi möhkəmləndirin
«Gəlin bir-birimizi sevək, çünki məhəbbət Allahdandır» (1 YƏH. 4:7).
NƏĞMƏ 109 «Bir-birinizi səmimi qəlbdən, hərarətlə sevin»
İCMAL a
1, 2. a) Nəyə görə həvari Bulus məhəbbətin «üstün» xüsusiyyət olduğunu demişdi? b) Hansı sualları nəzərdən keçirəcəyik?
HƏVARİ BULUS iman, ümid və məhəbbət barədə danışarkən sözlərinə bu cür yekun vurur: «Məhəbbət bunların hamısından üstündür» (1 Kor. 13:13). O nəyə görə belə demişdi? Ona görə ki, gələcəkdə Yehovanın yeni dünya ilə bağlı vədlərinə iman etməyimizə ehtiyac qalmayacaq. Bu vədlərin nə vaxtsa gerçəkləşəcəyinə də ümid etməyəcəyik. Çünki onlar artıq yerinə yetmiş olacaq. Amma Yehovaya və insanlara məhəbbət göstərmək həmişə lazım olacaq. Bəli, bizim onlara məhəbbətimiz əbədiyyən artmağa davam edəcək.
2 Məhəbbətə həmişə ehtiyac duyacağımız üçün gəlin üç suala nəzər salaq. Birincisi, nəyə görə bir-birimizi sevməliyik? İkincisi, hansı yollarla bir-birimizə məhəbbət göstərə bilərik? Üçüncüsü, dindaşlarımıza məhəbbətimizi necə möhkəm saxlaya bilərik?
NƏYƏ GÖRƏ BİR-BİRİMİZİ SEVMƏLİYİK?
3. Hansı səbəblərə görə bir-birimizi sevməliyik?
3 Bir-birimizi sevmək nəyə görə vacibdir? Səbəblərdən biri odur ki, məhəbbət bizim əsl məsihi olduğumuzun göstəricisidir. İsa Məsih həvarilərinə demişdi: «Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəh. 13:35). Bundan əlavə, məhəbbət aramızdakı birliyi qoruyur, necə ki Bulus da demişdi: «Məhəbbət insanlar arasında kamil birlik yaradır» (Kol. ). Bir-birimizə məhəbbət göstərməyin başqa vacib səbəbi də var. Həvari Yəhya dindaşlarına belə yazmışdı: «Allahı sevən qardaşını da sevməlidir» ( 3:141 Yəh. 4:21). Deməli, dindaşlarımıza olan məhəbbətimiz Yehovanı sevdiyimizin sübutudur.
4, 5. Yehovaya və dindaşlarımıza bəslədiyimiz məhəbbət bir-biri ilə necə bağlıdır? Nümunə çəkin.
4 Yehovaya və dindaşlarımıza bəslədiyimiz məhəbbət bir-biri ilə necə sıx bağlıdır? Bir nümunəyə baxaq: Ürəyimizlə digər orqanlarımız arasında əlaqə var. Məsələn, həkim biləyimizdəki nəbzin zəif və ya sürətli döyündüyünü yoxlayanda o, ürəyimizin sağlam olub-olmadığını müəyyən edə bilir. Bu nümunəni məhəbbət mövzusuna necə aid edə bilərik?
5 Necə ki həkim nəbzimizi yoxlayıb ürəyimizin sağlamlığı ilə bağlı məlumat əldə edir, eynilə biz də dindaşlarımıza olan sevgimizi yoxlayıb Yehovaya məhəbbətimizin güclü olub-olmadığını görə bilərik. Əgər görsək ki, bacı-qardaşlarımıza məhəbbətimiz zəifləyib, əvvəlki kimi deyil, deməli, Yehovaya da məhəbbətimiz zəifləməyə başlayıb. Lakin dindaşlarımıza mütəmadi məhəbbət göstəririksə, bu, Yehovaya məhəbbətimizin güclü olduğundan xəbər verir.
6. Dindaşlarımıza məhəbbətimiz zəifləyirsə, bu nəyə görə ciddi problemdir? (1 Yəhya 4:7—9, 11).
6 Bacı-qardaşlara məhəbbətimizin zəiflədiyini görəndə həyəcan təbili çalmalıyıq. Nəyə görə? Çünki bu, Yehova ilə münasibətimizin təhlükədə olduğundan xəbər verir. Həvari Yəhya bu fikirlə bağlı demişdi: «Gördüyü qardaşını sevməyən adam görmədiyi Allahı sevə bilməz» (1 Yəh. 4:20). Buradan vacib bir şey öyrənirik: yalnız «bir-birimizi» sevdiyimiz halda Yehova bizdən razı qalır. (1 Yəhya 4:7—9, 11 ayələrini oxuyun.)
HANSI YOLLARLA BİR-BİRİMİZƏ MƏHƏBBƏT GÖSTƏRƏ BİLƏRİK?
7, 8. Hansı yollarla bir-birimizə məhəbbət göstərə bilərik?
7 «Bir-birinizi... sevin». Allahın Kəlamında bu əmr dönə-dönə vurğulanır (Yəh. 15:12, 17; Rom. 13:8; 1 Salon. 4:9; 1 But. 1:22; 1 Yəh. 4:11). Bir şeyi nəzərə almaq lazımdır ki, məhəbbət ürəkdə qərar tutmuş, insanın daxilində olan bir xüsusiyyətdir və heç bir insan ürəyimizdəkiləri görə bilməz. Bəs bacı-qardaşlarımız onlara duyduğumuz sevgini görsün deyə nə edə bilərik? Bu, sözlərimizdən və əməllərimizdən görünəcək.
8 Bacı-qardaşlara məhəbbət göstərməyin yolları çoxdur. Məsələn: «Bir-birinizə həqiqəti söyləyin» (Zək. 8:16). «Bir-birinizlə mehriban olun» (Mark 9:50). «Hörmət göstərməkdə bir-birinizi qabaqlayın» (Rom. 12:10). «Bir-birinizi qəbul edin» (Rom. 15:7). «Bir-birinizi ürəkdən bağışlayın» (Kol. 3:13). «Bir-birinizin yükünü daşıyın» (Qal. 6:2). «Daima bir-birinizə təsəlli verin» (1 Salon. 4:18). «Bir-birinizi möhkəmləndirin» (1 Salon. 5:11). «Bir-birinizdən ötrü dua edin» (Yaq. 5:16).
9. Başqalarına təsəlli vermək nəyə görə məhəbbətimizi ifadə etməyin vacib bir yönüdür? (Həmçinin şəklə baxın.)
9 Gəlin yuxarıda sadalanan üsullardan birinə nəzər salaq. Bulus demişdi: «Daima bir-birinizə təsəlli verin». Nəyə görə təsəlli vermək dindaşlarımıza məhəbbət göstərməyin vacib bir yönüdür? Müqəddəs Kitab üzrə bir elmi mənbəyə əsasən Bulusun istifadə etdiyi «təsəlli» sözü «ciddi problemləri olan insanın yanında dayanıb ona ürək-dirək vermək» mənasını daşıyır. Bizim təsəllimiz sayəsində dərdi olan dindaşımız yenidən ayağa qalxıb əbədi həyata aparan yolda yeriməyə davam edə bilər. Hər dəfə kədərli anlarında dindaşlarımıza təskinlik verəndə onları sevdiyimizi göstəririk (2 Kor. 7:6, 7, 13).
10. Şəfqət hissi ilə təsəlli vermək bir-biri ilə necə bağlıdır?
10 Şəfqət hissi və təsəlli vermək bir-biri ilə bağlıdır. Hansı mənada? Şəfqətli insan başqalarına təsəlli verməyə sövq olunur. Onların ağrı-acısını dindirməyə çalışır. Deməli, bizdə birinci şəfqət hissi yaranır, bu isə bizi başqalarına təsəlli verməyə təşviq edir. Fikir verin, Bulus Yehovanın şəfqəti ilə insanların təsəlli verməsi arasında hansı əlaqəni yaradır. O, Yehovanın «mərhəmətli Ata və hər cür təsəlli Allahı» olduğunu deyir (2 Kor. 1:3). Bulusun istifadə etdiyi «mərhəmət» sözü başqalarına şəfqət duymaq mənasını daşıyır. Deməli, Yehova insanlara güclü şəfqət hissi duyduğu üçün mərhəmətli Ata adlanır. «Ata» adlanması Onun mərhəmətin Mənbəyi olduğunu göstərir. Şəfqət, mərhəmət hissi Yehovanı «hər dərdimizdə» bizə təsəlli verməyə təşviq edir (2 Kor. 1:4). Necə ki bulaqdan axan sərin su susayan insana təravət gətirir, yanğısını söndürür, Yehova da sınaqlarla üzləşənlərə məhz bu cür təravət, təsəlli verir. Bəs biz Yehovadan örnək götürüb necə şəfqətli ola bilərik və başqalarına necə təsəlli verə bilərik? Bunun bir yolu özümüzdə başqalarına təsəlli verməyə kömək edəcək xüsusiyyətlər yetişdirməkdir. Məsələn, hansı xüsusiyyətlər?
11. Koloslulara 3:12 və 1 Butrus 3:8 ayələrinə əsasən başqalarını sevib təsəlli vermək üçün daha hansı xüsusiyyətləri yetişdirməliyik?
11 Dindaşlarınıza hər gün məhəbbət göstərməyə və «daima bir-birinizə təsəlli» verməyə sizə nə kömək edəcək? Bunun üçün bir-birinizin dərdinə şərik, qardaşsevən və xeyirxah olmalısınız. (Koloslulara 3:12; 1 Butrus 3:8 ayələrini oxuyun.) Nəyə görə bu keyfiyyətlərə yiyələnmək lazımdır? Şəfqət xüsusiyyəti və bununla bağlı digər xüsusiyyətlər sizin şəxsiyyətinizin bir hissəsinə çevriləndə əzab çəkən insana təsəlli vermək daxilinizdən gələcək. İsanın da dediyi kimi «insan ürəyində aşıb-daşan fikirləri dilə gətirir. Yaxşı adam özünün yaxşı xəzinəsindən yaxşı şeylər çıxarır» (Mət. 12:34, 35). Bəli, darda olan bacı-qardaşlarımıza təsəlli vermək onlara sevgimizi ifadə etməyin mühüm yollarından biridir.
DİNDAŞLARIMIZA MƏHƏBBƏTİMİZİ NECƏ MÖHKƏM SAXLAYA BİLƏRİK?
12. a) Nəyə görə ehtiyatı əldən verməməliyik? b) Hansı sualı araşdıracağıq?
12 Hamımız istəyirik ki, həmişə «bir-birimizi sevək» (1 Yəh. 4:7). Amma İsa Məsihin bu vacib xəbərdarlığını da unutmamalıyıq: «Əksər insanlarda məhəbbət soyuyacaq» (Mət. 24:12). İsa demirdi ki, bu onun şagirdlərinin çoxu ilə baş verəcək. Amma yenə də biz ehtiyatlı olmalıyıq. Məhəbbətdən kasad insanların bizi özlərinə oxşatmağına imkan verməməliyik. Ortaya belə sual çıxır: «Dindaşlarımıza sevgimizin güclü olub-olmadığını necə yoxlamaq olar?»
13. Məhəbbətimizin güclü olduğunu necə yoxlaya bilərik?
13 Bunun üçün müəyyən vəziyyətlərdə necə davrandığımıza fikir verə bilərik (2 Kor. 8:8). Bu vəziyyətlərdən birini Butrusun sözlərindən görmək olar: «Hər şeydən ziyadə bir-birinizi hərarətlə sevin, çünki məhəbbət çoxlu günahın üstünü örtür» (1 But. 4:8). Deməli, dindaşımız səhv edəndə, yaxud da xətrimizə dəyəndə məhəbbətimizin nə dərəcədə güclü olduğunu yoxlamaq üçün fürsət yaranır.
14. 1 Butrus 4:8 ayəsinə əsasən məhəbbətimiz necə olmalıdır? Nümunə çəkin.
14 Gəlin Butrusun sözlərini xırdalayaq. 8-ci ayənin birinci hissəsində deyilir ki, biz dindaşlarımızı hərarətlə sevməliyik. Butrusun istifadə etdiyi «hərarət» sözü hərfən «dartmaq» mənasını daşıyır. Ayənin ikinci hissəsində isə hərarətli sevginin bizi nəyə təşviq etdiyi vurğulanır. Bu cür sevgi bacı-qardaşlarımızın günahının üstünü örtür. Gəlin belə bir nümunəyə baxaq: Təsəvvür edin, bir parça götürüb, üstündə ləkələr, çapıqlar olan masanı örtməyə çalışırsınız. Bu zaman qüsurlar tam örtülənə qədər parçanı kənarlarından tutub dartırsınız. Beləcə, bütün qüsurları örtmüş olursunuz. Eynilə dindaşlarımızı hərarətlə seviriksə, onların bir-iki günahının yox, çoxlu günahının üstünü örtəcəyik, başqa sözlə, onları bağışlayacağıq.
15. Dindaşlarımıza bəslədiyimiz möhkəm məhəbbət bizə hansı sahədə kömək edəcək? (Koloslulara 3:13).
15 Dindaşlarımıza sevgimiz o qədər güclü olmalıdır ki, hətta bəzən çətin olsa da, onların səhvlərini bağışlaya bilək. (Koloslulara 3:13 ayəsini oxuyun.) Biz bağışlayanda məhəbbətimizin möhkəm olduğunu və Yehovanı razı salmaq istədiyimizi göstəririk. Bəs bacı-qardaşlarımızın səhvlərinin üstündən keçməyə, bizi qıcıqlandıran cəhətlərinə göz yummağa daha nə kömək edə bilər?
16, 17. Bacı-qardaşların xırda səhvlərinin üstündən keçməyə bizə daha nə kömək edə bilər? Nümunə çəkin. (Həmçinin şəklə baxın.)
16 Bacı-qardaşların pis yox, yaxşı cəhətlərini görməyə çalışın. Belə bir nümunəyə baxaq: Təsəvvür edin ki, bir neçə bacı-qardaşla birgə qonaqlıqdasınız. Gözəl günün sonunda yığışıb şəkil çəkdirirsiniz. İşdir, birdən birincisi yaxşı çıxmaz deyə hər ehtimala iki dənə də şəkil çəkdirirsiniz. Sonra görürsünüz ki, şəklin birində bir qardaş qaşqabaqlı düşüb. Yəqin, həmin şəkli silərsiniz, çünki digər iki şəkildə qardaş da daxil olmaqla hər kəs gülümsəyir.
17 Bu şəkilləri xatirələrimizə bənzətmək olar. Hər birimizin bacı-qardaşlarla xoş xatirələri var. Amma ola bilsin, hansısa bir vəziyyətdə kiminsə sözü və ya hərəkəti bizə xoş olmayıb. Bəlkə, bu vəziyyəti xatirə kimi yaddaşımızda saxlamayıb həmin şəkil kimi silək? (Məs. 19:11; Efes. 4:32). Dindaşlarımızın xırda səhvlərini ağlımızdan tərəddüd etmədən silə bilərik, çünki onlarla bağlı yetərincə xoş xatirələrimiz var. Hamımız məhz bu cür xatirələri qoruyub saxlamaq istəyərik.
SEVGİYƏ İNDİ DAHA ÇOX EHTİYAC VAR
18. Məqalədə məhəbbətlə bağlı hansı əsas fikirləri araşdırdıq?
18 Deməli, nəyə görə bir-birimizi sevməliyik? Çünki araşdırdığımız kimi dindaşlarımıza məhəbbətimiz Yehovanı nə qədər sevdiyimizi göstərir. Hansı yollarla onlara məhəbbətimizi göstərə bilərik? Bunun bir yolu onlara təsəlli verməkdir. Ürəyimizdə şəfqət hissi olsa, daima bir-birimizə təsəlli verə biləcəyik. Bəs dindaşlarımıza məhəbbətimizi necə möhkəm saxlaya bilərik? Çətin olsa da, onların səhvlərini bağışlamaqla.
19. Dindaşlarımıza məhəbbət göstərmək nəyə görə indi daha vacibdir?
19 Nəyə görə dindaşlarımıza məhəbbət göstərmək indi daha çox vacibdir? Görün Butrus nə deyib: «Hər şeyin sonu yaxındır. Buna görə də... bir-birinizi hərarətlə sevin» (1 But. 4:7, 8). Bu şər dünyanın sonuna daha da yaxınlaşdıqca nələr baş verəcək? İsa davamçıları barədə peyğəmbərlik etmişdi: «Mənim adıma görə bütün xalqlar sizə nifrət edəcək» (Mət. 24:9). Bu cür münasibət qarşısında möhkəm dayanmaq üçün aramızda birlik olmalıdır, onda Şeytan nə qədər çalışsa da, aramızda parçalanma yaratmağa müvəffəq ola bilməyəcək. Çünki məhəbbət «kamil birlik yaradır» (Kol. 3:14; Filip. 2:1, 2).
NƏĞMƏ 130 Bir-birimizi bağışlayaq
a Nəyə görə dindaşlarımızı sevmək bu gün həmişəkindən daha vacibdir? Onlara sevgimizi necə göstərə bilərik? Məqalədə bu suallara cavab veriləcək.