Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

2 İşmuil 21:7—9 ayələrində deyilir ki, Davud «Mefiboşetə qıymadı», amma nəyə görə sonra Mefiboşetin edamına yol verdi?

Bu hadisəni ötəri oxuyanlarda bu sual yaranır. Amma bu ayələrdə adı Mefiboşet olan iki fərqli insandan söhbət gedir. Hadisənin dərinliyinə varanda çox şey öyrənirik.

İsrail padşahı Talutun yeddi oğlu və iki qızı var idi. İlk oğlunun adı Yonatan idi. Padşahın daha sonra cariyəsi Rispadan Mefiboşet adlı oğlu olmuşdu. Maraqlıdır ki, Yonatanın da Mefiboşet adında oğlu var idi. Deməli, padşah Talutun Mefiboşet adında həm oğlu var idi, həm də nəvəsi.

Günlərin bir günü Talut padşah israillilərin arasında yaşayan gibyonlulara qarşı qalxır və onların kökünü kəsmək niyyətinə düşür. Görünür o, müəyyən sayda gibyonlunu qətlə yetirmişdi. Bu, birmənalı şəkildə səhv addım idi, çünki Yuşənin günlərində İsrail başçıları gibyonlularla sülh əhdi bağlamışdı (Yuş. 9:3—27).

Bu əhd Talut padşahın dövründə də qüvvədə idi. O, bu əhdi pozaraq gibyonluların kökünü kəsmək niyyətinə düşmüşdü. Bu hərəkətin nəticəsində «Talutla ev əhlinin əli qana» batdı (2 İşm. 21:1). Ondan sonra taxta Davud çıxdı. Sağ qalan gibyonlular ona baş verən bu haqsız qətliam haqda danışdılar. Davud gibyonlulardan soruşdu ki, onlar üçün nə etsə, Talutun törətdiyi bu dəhşətli günahı yumuş olar və İsrailin üzərinə Yehovanın bərəkəti gələr. Gibyonlular ondan qızıl-gümüş istəmir. Onlar deyir ki, köklərini kəsmək istəyən adamın yeddi oğlunu onlara versin, onları asıb öldürsünlər. Davud onların xahişini yerinə yetirir (2 İşm. 21:2—6; Say. 35:30, 31).

Padşah Talut və oğlu Yonatan filiştlilərlə döyüşdə həlak olmuşdular, uşaq ikən bədbəxt hadisə zamanı şikəst qalan Yonatanın oğlu Mefiboşet isə sağ idi. O, babasının gibyonlulara hücumunda iştirak etməmişdi. Davud dostu Yonatanla sədaqət əhdi bağlamışdı. Bu əhd Mefiboşet də daxil olmaqla, Yonatanın bütün nəslinə aid idi (1 İşm. 18:1; 20:42). Ayədə deyilir: «[Davud] padşah Yehovanın önündə... içdiyi anda görə Talut oğlu Yonatanın oğlu Mefiboşetə qıymadı» (2 İşm. 21:7).

Bununla belə, Davud gibyonluların xahişini yerinə yetirdi. Talutun iki oğlunu (birinin adı Mefiboşet idi) və beş nəvəsini gibyonlulara verdi (2 İşm. 21:8, 9). Davud bununla ölkəni nahaq qanın günahından təmizlədi.

Bu, sadəcə tarixdə yaşanmış bir hadisə deyil, bundan çox şey öyrənə bilərik. Bu hadisədə Yehovanın qanunu öz əksini tapır: «Ata övladının əməlinə görə, övlad da atasının əməlinə görə öldürülməməlidir» (Qan. 24:16). Əgər Talutun iki oğlu və beş nəvəsi günahsız olsaydı, Yehova Davudun bu hərəkətindən razı qalmazdı. Çünki qanunun davamında deyilir ki, «hər kəs öz günahına görə öldürülməlidir». Görünür, Talutun nəslindən olan bu yeddi nəfərin Talutun gibyonluların kökünü kəsmək cəhdində əli olub. Beləliklə, onların yeddisi də öz əməllərinin cəzasını çəkdilər.

Bu hadisə göstərir ki, insan «mən sadəcə mənə deyiləni etmişəm» sözləri və ya düşüncəsi ilə öz əməlinə bəraət qazandıra bilməz. «Məsəllər» kitabındakı bir hikmətli ayədə deyilir: «Yolunu hamar et, bütün yolların dinc olar» (Məs. 4:24—27; Efes. 5:15).