Kontentə keç

Mündəricatı göstər

Bilirsiniz?

Bilirsiniz?

İsraillilərin Misir əsarətində olduğunu Müqəddəs Kitabdan savayı hansı mənbələr sübut edir?

Müqəddəs Kitabda yazılıb ki, mədyənilər həzrəti Yusifi Misirə aparandan sonra atası Yaqub ailəsi ilə birgə Kənan diyarından Misirə köçmüşdü. Onlar Misirin Qoşen diyarında, Nil çayı deltasında məskunlaşmışdılar (Yar. 47:1, 6). İsraillilər həmin ərazidə «artır və qüvvətlənirdilər». Bunu görən misirlilər israillilərdən qorxmağa başlamış və onları zor gücünə kölə etmişdilər (Çıx. 1:7—14).

Bu gün bəzi tənqidçilər Müqəddəs Kitabda yazılmış bu əhvalatı əfsanə adlandıraraq rişxənd edirlər. Buna rəğmən, samilərin * qədim Misirdə kölə kimi yaşadıqlarına dair sübutlar mövcuddur.

Arxeoloqlar Misirin şimalında qədim yaşayış məskənləri aşkar etmişlər. Dr. Con Bimson qeyd edir ki, Misirin şimalında 20-dən çox sami məskənlərinin olduğuna sübut var. Bundan əlavə, misirşünas Ceyms Hofmayer deyir: «Eramızdan əvvəl təxminən 1800—1540-cı illərdə Asiyanın qərbindəki samidilli xalqlar üçün Misir cəlbedici köç məskəni idi». O, sonra əlavə edir: «Bu vaxt kəsiyi ənənəvi Patriarxal dövrü ilə və Yaradılış kitabında təsvir olunan hadisələrlə uzlaşır».

Daha bir sübut Misirin cənub hissəsində aşkarlanmışdır. Orta padşahlıq dövrünə (e. ə. təqr.  2000 — e. ə. təqr. 1600) aid olan papirusda Misirin cənubunda bir evdə işləmiş qulların adları yazılıb. 40-dan çox ad sami mənşəlidir. Bu qullar, yaxud xidmətçilər aşbaz, toxucu və fəhlə kimi işləyirdilər. Hofmayer qeyd edir: «Fivaiddə [Misirin cənubunda] cəmi bir evdə 40-dan çox sami işləyibsə, böyük ehtimal ki, bütün Misirdə, xüsusilə də, Deltada əhəmiyyətli sayda sami yaşayıb».

Arxeoloq Deyvid Roul yazır ki, bəzi qulların adları siyahıya «birbaşa Müqəddəs Kitabın səhifələrindən düşüb». Bəzi parçalarda Yəsakir, Aşir və Şəfra adlarına oxşar adlara rast gəlinir (Çıx. 1:3, 4, 15). «Bu, israillilərin Misirdə qul olduqlarının bariz sübutudur»,— deyə Roul fikrinə yekun vurur.

Dr. Con Bimson deyir: «Müqəddəs Kitabda Misir əsarəti və Misirdən qurtuluş haqda yazılanların möhkəm tarixi əsası var».

^ abz. 4 «Sami» sözü Nuhun üç oğlundan biri olan Samın adından yaranıb. Samın nəslinə çox ehtimal ki, elamlılar, aşşurlular, qədim kəldanilər, ibranilər, aramilər və müxtəlif ərəb qəbilələri daxil olub.