Kontentə keç

Mündəricatı göstər

BİOQRAFİYA

Həyatımda atdığım hər addımda Yehovanı düşünmüşəm

Həyatımda atdığım hər addımda Yehovanı düşünmüşəm

1984-CÜ İLİN günəşli bir səhərində işə gedirdim. Evimiz Karakasda (Venesuela) imkanlı insanların yaşadığı ərazidə yerləşirdi. Yol boyu «Gözətçi qülləsi»nin son sayında oxuduğum məqalə barədə düşünürdüm. Məqalə qonşularımızın bizim haqda hansı fikirdə olması ilə bağlı idi. Qonşuluqdakı evlərə baxıb fikirləşdim: «Qonşularım məni necə tanıyır: yaxşı gəliri olan bank işçisi kimi, yoxsa ailəsini dolandırmaq üçün bankda işləyən Allahın xidmətçisi kimi?» Cavab məni qane etmədi. Ona görə də qəti addım atmaq qərarına gəldim.

Mən 1940-cı il mayın 19-u Livanın Əmyun şəhərində anadan olmuşam. Bir neçə il sonra biz Tripoli şəhərinə köçdük. Mən Yehovanı sevən, mehriban və xoşbəxt bir ailədə böyümüşəm. Ailədə beş uşağın ən kiçiyi mən idim, üç qız, iki oğlan idik. Valideynlərim üçün maddi şeylər ikinci dərəcəli idi. Həyatımızda əsas yeri Müqəddəs Kitabı öyrənmək, yığıncaq görüşlərində iştirak etmək və başqalarına Allah haqqında danışmaq tuturdu.

Yığıncağımızda bir neçə məsh olunmuş məsihi var idi. Onlardan biri Mişel Abud idi. O, kitaböyrənmə adlanan görüşü aparırdı. Mişel qardaş həqiqəti Nyu-Yorkda öyrənmişdi. İlk dəfə Livana həqiqəti 1921-ci ildə o gətirib. Onun Gilad məzunu olan iki cavan bacıya, Ann və Qven Bivora necə hörmətlə yanaşdığı, yardım etdiyi xüsusilə yadımdadır. Onlarla yaxın dost olduq. Uzun illər sonra Ann bacı ilə Birləşmiş Ştatlarda görüşəndə sevincimin həddi-hüdudu yox idi. Bir müddət sonra isə Qven bacı ilə görüşdüm. O, Vilfred Quçla ailə qurmuşdu və onlar Londonda Beyteldə xidmət edirdilər.

LİVANDA TƏBLİĞ SƏRGÜZƏŞTLƏRİMİZ

Mən gənc olanda Livanda çox az təbliğçi var idi. Buna baxmayaraq, biz Müqəddəs Kitabdan öyrəndiklərimizi şövqlə təbliğ edirdik. Hətta din xadimləri bizə qarşı çıxsa da, xidmətimizi dayandırmırdıq. Onlarla bağlı bir neçə hadisə heç yadımdan çıxmaz.

Bir gün bacım Səna ilə birlikdə bir binada təbliğ edirdik. Sakinlərlə danışarkən bir də gördük ki, bizim olduğumuz mərtəbəyə bir keşiş gəldi. Görünür, kimsə ona xəbər vermişdi. Keşiş bacımı təhqir etməyə başladı. O, kobudluq edib bacımı pilləkəndən aşağı itələdi. Bacım hətta yaralandı. Bir nəfər polisə zəng etdi. Polis gəlib baş verənləri gördü və Sənanı bir adama tapşırdı ki, onun qeydinə qalsın. Keşişi isə polis məntəqəsinə apardılar. Sonra aşkar oldu ki, onun silahı var imiş. Polis ona dedi: «Başa düşmədim, sən din xadimisən, yoxsa banda başçısı?»

Başqa bir hadisə də yaxşı yadımdadır. Yığıncağımız icarəyə avtobus götürüb ucqar bir kəndə təbliğə getmişdi. Hər şey əla gedirdi, ta ki keşiş bizim gəlişimizdən xəbər tutana qədər. O, bir dəstə adamla üstümüzə gəldi. Onlar bizə hədə-qorxu gəlməyə başladılar. Hətta bizi daşladılar. Atam başından yaralandı. Onun qan içində olan üzünü heç vaxt unutmaram. Atamla anam avtobusa qayıtdılar, biz də narahatçılıq içində onların arxasınca getdik. Heç yadımdan çıxmaz, anam atamın üzünün qanını təmizləyə-təmizləyə deyirdi: «Yehova, onları bağışla, çünki nə etdiklərini bilmirlər».

Bir dəfə isə qohumlarımızgilə qonaq getmişdik. Babamgilə gedəndə gördük ki, nüfuzlu bir yepiskop da onlardadır. Bu yepiskop valideynlərimin Yehovanın Şahidi olduğunu bilirdi. Cəmi-cümlətanı altı yaşım olmasına baxmayaraq, o məni təkləyərək soruşdu: «Niyə vəftiz olunmamısan?» Mən cavab verdim ki, hələ balacayam, vəftiz olunmaq üçün gərək Müqəddəs Kitabı yaxşı bilim və güclü imanım olsun. Cavabım onun xoşuna gəlmədiyi üçün qayıdıb babama dedi ki, çox mərifətsiz uşağam.

Amma belə pis hadisələr tək-tük olmuşdu. Ümumilikdə Livan əhalisi dostcanlı və qonaqpərvərdir. Belə ki, çox adamla Müqəddəs Kitab əsasında gözəl söhbətlər aparırdıq və xeyli adama Müqəddəs Kitab dərsi keçirdik.

BAŞQA ÖLKƏYƏ KÖÇÜRÜK

Mən məktəbdə oxuyanda Venesueladan bir cavan qardaş Livana gəlmişdi. Qardaş bizim yığıncağa gəlirdi. O, bacım Vəfa ilə görüşməyə başladı. Bir müddət sonra onlar evləndilər və Venesuelaya köçdülər. Vəfa həmişə məktublarında atamı dilə tuturdu ki, ailəlikcə Venesuelaya köçək, çünki bizim üçün çox darıxırdı.

Axırda o, istəyinə nail oldu. 1953-cü ildə Venesuelaya köçdük. Evimiz Karakasda prezident iqamətgahına yaxın ərazidə idi. Uşaq olduğum üçün hər dəfə prezident maşını gəlib keçəndə böyük heyranlıqla izləyirdim. Amma valideynlərim üçün bu yeni əraziyə, buranın dilinə, mədəniyyətinə, yeməklərinə və iqliminə öyrəşmək asan deyildi. Mühitə təzə-təzə uyğunlaşmağa başlayırdılar ki, dəhşətli bir hadisə baş verdi.

Soldan sağa: Atam. Anam. Mən (1953-cü il, ailəmizlə Venesuelaya köçdüyümüz vaxtlar)

FACİƏ

Qəfildən atamın vəziyyəti pisləşdi. Bu bizə qəribə gəlirdi, çünki onun sağlamlığı ilə bağlı heç vaxt şikayəti olmamışdı. O, canı bərk, sağlam adam idi. Atama mədəaltı vəzi xərçəngi diaqnozu qoydular və o, əməliyyat olundu. Əfsus ki, bir həftə sonra atam vəfat etdi.

Bu itkinin bizə necə böyük zərbə vurduğunu sözlə ifadə etmək qeyri-mümkündür. Mənim cəmi 13 yaşım var idi. Çox sarsılmışdıq, dünyamız alt-üst olmuşdu. Anam bir müddət atamın itkisi ilə barışa bilmədi. Tədricən başa düşdük ki, nə qədər çətin olsa da, həyatımıza davam etməliyik. Yehovanın köməyi ilə bu itkiyə tab gətirə bildik. 16 yaşım olanda Karakasda məktəbi bitirdim. Ailəmizə maddi cəhətdən necəsə kömək etmək istəyirdim.

Bacım Səna və əri Rubenin ruhani inkişafımda böyük rolu olub

Həmin ərəfələrdə bacım Səna Ruben Arouxo ilə ailə qurdu. Ruben Gilad məktəbini bitirib Venesuelaya qayıtmışdı. Onlar Nyu-Yorka köçdülər. Ailəm universitetdə oxumağıma qərar verdi. Buna görə də mən Nyu-Yorka köçdüm və bacımgildə qaldım. Onlarda qaldığım vaxt ərzində mənim ruhani inkişafıma çox kömək etdilər. Üstəlik, getdiyim Bruklin (ispan) yığıncağında da çoxlu yetkin qardaşlar var idi. Bruklin Beytelində xidmət edən Milton Henşel və Frederik Frans qardaş da bizim yığıncaqda idi. Onlarla yaxından tanış oldum və bu mənim üçün çox qiymətli idi.

Vəftiz olunuram, 1957-ci il

Universitetimin birinci ilinin sonuna yaxın ömrümü nəyə sərf etdiyimlə bağlı düşünməyə başladım. «Gözətçi qülləsi»ndən ruhani məqsədləri olan məsihilər haqda məqalələr oxudum və oxuduqlarım barədə ciddi düşündüm. Yığıncaqdakı öncüllərin, beytellilərin necə xoşbəxt olduğunu görürdüm. Mən də onlar kimi olmaq istəyirdim. Amma hələ heç vəftiz də olunmamışdım. Çox keçməmiş özümü Yehovaya həsr etməyin vacibliyini dərk etdim. Beləcə, bu addımı atdım və 1957-ci il mart ayının 30-da vəftiz olundum.

MÜHÜM QƏRARLAR

Bu vacib qərardan sonra atmaq istədiyim növbəti addım haqqında düşünürdüm. Mən tamvaxtlı xidmətə başlamaq istəyirdim. Getdikcə bu istəyim daha da güclənirdi. Bir tərəfdən də başa düşürdüm ki, universitetdə oxuya-oxuya öncül olmaq çətin olacaq. Ailəmə yazdım ki, təhsilimi dayandırıb Venesuelaya qayıtmaq və öncül olmaq istəyirəm. Onları razı salana qədər Venesuela ilə Nyu-York arasında məktubların ardı-arası kəsilmədi.

1957-ci ilin iyun ayında Karakasa qayıtdım. Lakin qayıdanda gördüm ki, ailəmin vəziyyəti yaxşı deyil, onlara maddi cəhətdən dəstək lazım idi. Onlara kömək etmək istəyirdim. Bankda işləmək təklifi aldım, amma eyni zamanda da öncül olmaq çox istəyirdim. Axı qayıtmağımın da məqsədi bu idi. Hər ikisini etməyə qərar verdim. Bir neçə il tam gün bankda işləyə-işləyə öncüllük etdim. Heç vaxt bu qədər məşğul və eyni zamanda bu qədər xoşbəxt olmamışdım.

Məni xoşbəxt edən daha bir hadisə baş verdi. Silviya adlı gözəl alman bacı valideynləri ilə birgə Venesuelaya köçmüşdü. Silviya Yehovanı çox sevirdi. Mən onunla ailə qurdum, iki övladımız oldu: oğlumuzun adı Mişel, qızımızın adı Samirədir. Anamın qeydinə qalmağı da öz üzərimə götürdüm, o bizə köçdü. Ailə məsuliyyətlərimə görə öncüllüyü dayandırmalı olsam da, öncül ruhum sönməmişdi. Mümkün olduqca Silviya ilə mən məzuniyyət vaxtlarımızda köməkçi öncül kimi xidmət edirdik.

DAHA BİR VACİB ADDIM

Uşaqlar hələ məktəbdə oxuyarkən əvvəldə danışdığım hadisə baş vermişdi. Açığını deyim, yaşayışımız çox yaxşı idi. Bank işçiləri arasında böyük hörmət qazanmışdım. Amma istəyirdim ki, daha çox Yehovanın xidmətçisi kimi tanınım. Həmin gün düşündüklərim heç ağlımdan çıxmırdı. Yoldaşımla mən oturub büdcəmizi müzakirə etdik. Əgər işdən çıxası olsaydım, böyük məbləğdə pul alacaqdım. Hesabladıq ki, borcumuz olmadığı üçün həyatımızı sadələşdirsək, uzun müddət dolanmaq üçün kifayət qədər pulumuz olacaq.

Bu addımı atmaq çox çətin olsa da, həyat yoldaşım və anam bu qərarımı tam dəstəklədilər. Beləcə, yenidən tamvaxtlı xidmətçilərin sırasına qoşulacaqdım. Sevincim yerə-göyə sığmırdı, artıq yolumda heç bir maneə yox idi. Amma heç birimizin gözləmədiyi bir xəbər aldıq.

XOŞ SÜRPRİZ!

Üçüncü övladımız Cəbrayılın doğulması bizim üçün xoş sürpriz oldu

Həkim Silviyanın hamilə olduğunu deyəndə hər ikimiz üçün sürpriz oldu, çox sevindik. Amma hələ də öncüllüklə bağlı verdiyim qərar üzərində düşünürdüm. Görəsən, bu, qərarıma təsir edəcək? Tez bir zamanda özümüzü əqli və emosional cəhətdən ailəmizin yeni üzvünün gəlişinə hazırladıq. Bəs öncül olmaq planım necə oldu?

Məqsədlərimizi müzakirə edəndən sonra qərara gəldik ki, nəyi necə planlaşdırmışdıq, elə də edək. Oğlumuz Cəbrayıl 1985-ci ilin aprelində anadan oldu. Bütün bunlara baxmayaraq, mən bankdan çıxdım və 1985-ci ilin iyun ayında yenidən öncül xidmətinə başladım. Bir müddət sonra filial komitəsi ilə əməkdaşlıq etmək də mənə nəsib oldu. Filial Karakasda olmadığına görə həftədə iki-üç gün təxminən 80 kilometrlik yolu gedib-gəlirdim.

YENƏ KÖÇÜRÜK

Filial La-Viktoriya şəhərində yerləşirdi. Biz də qərara gəldik ki, filiala yaxın olmaq üçün oraya köçək. Bu bizim üçün böyük addım idi. Ailəmlə fəxr edirəm, onlara minnətdarlığım sonsuzdur. Onların əhvali-ruhiyyəsinin mənə çox köməyi oldu. Bacım Baha anamızın qayğısına qalmağı öz öhdəsinə götürdü. Mişel evlənmişdi, Samirə və Cəbrayıl isə bizimlə qalırdı. Buna görə də La-Viktoriyaya köçmək o demək idi ki, onlar Karakasdakı dostlarından ayrılmalı olacaqlar. Həmçinin əzizim Silviya da qələbəlik paytaxt şəhərdən, balaca şəhərə uyğunlaşmalı idi. Üstəlik, hamımız kiçik bir evdə yaşamağa öyrəşməli idik. Bəli, Karakasdan La-Viktoriyaya köçmək adi bir addım deyildi.

Vəziyyət yenə dəyişdi. Cəbrayıl ailə qurdu, Samirə isə köçüb ayrı yaşadı. Mən və Silviya isə 2007-ci ildə Beytelə dəvət aldıq. Bu günə kimi burada xidmət edirik. Böyük oğlumuz Mişel ağsaqqaldır və yoldaşı Monika ilə birlikdə öncül kimi xidmət edir. Cəbrayıl da ağsaqqaldır və yoldaşı Ambra ilə İtaliyada xidmət edir. Samirə isə öncül olmaqla yanaşı, məsafədən işləyən könüllü kimi Beytelə kömək edir.

Soldan sağa: Yoldaşım Silviya ilə Venesuela filialında. Böyük oğlumuz Mişel yoldaşı Monika ilə. Qızımız Samirə. Oğlumuz Cəbrayıl yoldaşı Ambra ilə

YENƏ EYNİ QƏRARLARI VERƏRDİM

Həyatımda çoxlu vacib addımlar atmışam, amma heç birinə görə peşman deyiləm. Yenə eyni qərarları verərdim. Yehovaya xidmət etdiyim illər ərzində aldığım təyinatlara və məsuliyyətlərə görə Ona çox minnətdaram. Bu illər ərzində başa düşdüm ki, Yehova ilə dostluğu qorumaq çox vacibdir. Atdığımız addımların kiçik və ya böyük olmasından asılı olmayaraq, O, hər bir ağıldan üstün olan sülhünü bəxş etməyə qadirdir (Filip. 4:6, 7). Silviya ilə mən Beyteldə müqəddəs xidmətimizi sevə-sevə icra edirik. Görürük ki, Yehova Onu düşünərək atdığımız hər addımımızı avand edib.