Bilirsiniz?
Qədim Babil xarabalıqlarında aşkar olunan kərpiclər və onların hazırlanma üsulu Müqəddəs Kitabda yazılanlarla uzlaşır?
ARXEOLOQLAR qazıntılar zamanı qədim Babil ərazisində külli miqdarda kərpic aşkar ediblər. Bu kərpiclər şəhərin tikintisində istifadə olunmuşdu. Arxeoloq Robert Kolveyin sözlərinə görə bu kərpiclər «şəhərdən kənardakı sobalarda bişirilirdi, orada gil keyfiyyətli idi və sobaları yandırmaq üçün çoxlu kol-kos var idi».
Qədim mənbələrə əsasən Babil məmurları sobalardan mənfur məqsədlər üçün də istifadə edirdilər. Toronto universitetinin Assurologiya üzrə professoru Pol-Alan Bolyu deyir: «Babilə aid bir sıra tarixi mənbədən görmək olar ki, üsyankarlıq edənlər və müqəddəs şeylərə küfr edənlər padşahın əmri ilə sobada yandırılıb». Padşah Navuxodonosorun dövrünə aid olan bir mətndə belə bir cümlə var: «Onları məhv edin, sobada yandırıb külə döndərin,.. qoy onlar tüstüyə çevrilib havaya sovrulsun, qoy şiddətli alov onları yox etsin».
Bu bizə Müqəddəs Kitabdan Dənyal 3-cü fəsildəki hadisəni xatırladır. Bu tarixi mənbədə deyilir ki, padşah Navuxodonosor qızıldan nəhəng heykəl düzəldib Babil şəhərindən kənarda, Durə düzündə qoydu. Orada olan Sədrah, Misah və Abidnağu adlı üç ibrani gənc heykələ baş əyməkdən imtina etdi. Navuxodonosor padşah bundan bərk qəzəblənib əmr etdi ki, «sobanı yeddi qat gur qalasınlar» və bu üç oğlanı «qızmar sobaya atsınlar». Amma bir qüdrətli mələk onları bu ölümdən qurtardı (Dən. 3:1—6, 19—28).
Babil kərpiclərinin elə özü də Müqəddəs Kitabda yazılanların doğru olduğunu təsdiq edir. Bu kərpiclərin çoxunun üstündə padşaha həmd sözləri həkk olunub. Kərpiclərin birinin üzərində belə bir yazı var: «Navuxodonosor, Babil padşahı… Mənim, Əlahəzrətin məskən salmaq üçün tikdiyi saray… Qoy nəslim burada əbədiyyət boyu hakimiyyət sürsün». Bu yazı Dənyal 4:30 ayəsində yazılanlara çox oxşayır. Həmin ayədə Navuxodonosor öyünərək belə sözlər deyir: «Budur, padşah sarayına məskən olmaq üçün, şan-şöhrətim üçün gücüm-qüdrətimlə tikdiyim böyük Babil!»