Ağır xəstəliyə tutulanda
ÖZÜ, yaxud yaxın adamı ölümcül xəstəliyə tutulan insan yaxşı bilir ki, bu, necə ağır vəziyyətdir. Xəstəlik azmış kimi, bir də onun verdiyi mənəvi işgəncə insanı daxilən yeyib-parçalayır. Belə vəziyyətdə insan onsuz da qorxu, həyəcan keçirir, üstəlik, müayinələr, müalicə axtarışları, müalicə pulu, dərmanların əlavə təsirləri insanın əsəblərini lap tarıma çəkir. Ağır xəstəliyin verdiyi mənəvi iztirab dözülməz ola bilər.
Kömək üçün hara üz tuta bilərik? Allaha dua etmək, Müqəddəs
Kitabdan təsəlliverici ayələr oxumaq bir çoxlarına təskinlik verib. Ailə üzvlərinin və dostların sevgisi, qayğısı da insan üçün böyük köməkdir.ONLAR NECƏ TAB GƏTİRDİLƏR?
«Xəstəlik vaxtı imanınızı qoruyun, Yehova Allah sizə tab gətirməyə kömək edəcək. Dua edin. Hisslərinizi Allaha danışın. Ondan müqəddəs ruh istəyin. Allahdan güc istəyin ki, ailəniz naminə möhkəm olasınız və xəstəliyə mərdliklə sinə gərəsiniz», — deyə 58 yaşlı Robert deyir.
O əlavə edir: «Ailə üzvlərinin adama dayaq olması çox böyük köməkdir. Hər gün zəng edib halımı soruşurlar. Hər yandan dostlarım mənə ürək-dirək verir. Onlar məni ayaqda saxlayır, mənə tab gətirməyə kömək edirlər».
Bəlkə də, sizin dostunuz hansısa xəstəlikdən əziyyət çəkir. O zaman Lindanın sözləri sizə kömək edə bilər: «Təbii ki, xəstə adamlar da normal həyat sürmək istəyir. Ola bilsin, onlar oturub-durub xəstəlikləri barədə danışmaq istəmirlər. Odur ki, əvvəllər dostunuzla nələrdən danışırdınızsa, indi də o mövzulardan danışın».
Allahın verdiyi güc, Müqəddəs Kitabdan aldığınız təsəlli, doğmaların, dostların köməyi sizdə əminlik yaradacaq ki, ağır xəstəliyə baxmayaraq, yaşamağa dəyər.