Kontentə keç

Mündəricatı göstər

Xeyirxahlığın xeyri

Xeyirxahlığın xeyri

«AVTOBUS gedə bilər, çinli oğlan isə burada qalır!» Aleksandra bu sözləri eşidəndə avtobusda idi. Bu avtobus iki Cənubi Amerika ölkəsi arasındakı sərhəddə dayanmışdı. Aleksandra nə baş verdiyini bilmək üçün avtobusdan enəndə görür ki, bir çinli oğlan sərhəd mühafizəçisinə ispan dilində güc-bəla ilə nəsə başa salmağa çalışır. Aleksandra Yehovanın Şahidlərinin çindilli yığıncağına getdiyindən bu dili yaxşı bilirdi, ona görə də bu oğlanın nə demək istədiyini həmin mühafizəçiyə tərcümə edir.

Bu oğlan başa salmaq istəyirdi ki, o, bu ölkədə qanuni yaşayır, sadəcə, onun sənədlərini və pulunu oğurlayıblar. Zabit əvvəlcə onun dediklərinə inanmırdı, hətta Aleksandranın da insan alveri ilə məşğul olduğunu düşündü. Buna baxmayaraq, zabit sonda bu oğlanın izahatını qəbul edir. Ancaq oğlanın sənədləri olmadığına görə iyirmi dollar cərimə ödəməli idi, onun isə pulu yox idi. Buna görə cəriməni onun yerinə Aleksandra ödəyir. Həmin oğlan Aleksandraya necə minnətdar olacağını bilmir və pulu ona artıqlaması ilə geri qaytaracağını deyir. Ancaq Aleksandra bildirir ki, ona heç nə lazım deyil və kömək edə bildiyinə görə çox sevinir. Aleksandra həmin cavan oğlana Müqəddəs Kitaba əsaslanan bir neçə nəşr verir və onu təşviq edir ki, Yehovanın Şahidlərini tapıb onlarla Müqəddəs Kitabı öyrənsin.

İnsanların göstərdikləri bu kimi xeyirxah işlər haqda eşidəndə adamın ürəyi dağa dönür. Sözsüz ki, dinindən asılı olmayaraq, bu cür savab işlər görən insanlar çoxdur. Hətta Allaha inanmayan insanlar arasında da xeyirxah əməl sahibləri az deyil. Bəs sizin barənizdə də bunu demək olar? Bu sualın üzərində düşünməyə dəyər. Çünki bir peyğəmbər demişdi: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həvarilərin işləri 20:35). Bu fikir elmə də maraqlıdır, çünki tədqiqatlar göstərir ki, xeyirxahlığın insanın özünə də xeyri var. Gəlin görək hansı sahələrdə.

«GÜLƏRÜZLƏ VERƏN»

Təcrübə göstərir ki, xeyirxahlıq və xoşbəxtlik bir-biri ilə sıx əlaqəlidir. Allahın Kəlamında yazılıb: «Allah gülərüzlə verəni sevir». Bu sözlər darda olan dindaşlarına kömək əli uzadan insanlar barəsində deyilmişdi (2 Korinflilərə 8:4; 9:7). Ayədə deyilmir ki, onlar xoşbəxt idilər, ona görə dindaşlarına əl tutmuşdular, əksinə, onlar əl tuta bildikləri üçün xoşbəxt idilər.

Tədqiqat nəticəsində məlum olub ki, əliaçıqlıq «beynin zövq, münasibət və etibarla bağlı sahələrini fəaliyyətə gətirərək insanda xoş hisslər yaradır». Bir araşdırma zamanı maraqlı fakt ortaya çıxıb — iştirakçılar pulu başqalarına xərcləyəndə daha çox sevinirdilər, nəinki özlərinə.

Bəlkə də, sizə elə gəlir ki, kiməsə nəsə verməyə imkanınız yoxdur. Amma əslində, gülərüzlə verməyin sevincini hər kəs dada bilər. Düzgün niyyətlə verilən şeyin baha olması mütləq deyil. Bir Yehovanın Şahidi bu jurnalın naşirlərinə ianə ilə birlikdə məktub göndərmişdi: «Bütün bu illər ərzində mən çox az ianə edə bilirdim. Ancaq Yehova Allah bunun əvəzini mənə artıqlaması ilə verib... Sağ olun ki, bu ianələri etməyə şərait yaradırsınız. İanə edəndə özümü çox yaxşı hiss edirəm».

Şərt deyil ki, kiməsə ancaq pul verək. Yaxşılığı başqa yollarla da etmək olar.

XEYİRXAHLIQ SAĞLAMLIĞA XEYİRDİR

Xeyirxahlıq həm özümüzün, həm də başqalarının xeyrinədir

Allahın Kəlamında yazılıb: «Xeyirxah adam özünə xeyir edir, qəddar isə öz başına bəla açar» (Məsəllər 11:17). Xeyirxah insan səxavətlidir, əliaçıqdır. O, vaxtını, gücünü, diqqətini başqalarına ayırmağa həmişə hazırdır. Bunun onun özünə də, məsələn, sağlamlığına da xeyri var.

Tədqiqatlar göstərir ki, başqalarına kömək etməyə hazır olan insan ağrılardan, depressiyadan uzaq olur. Bu cür insanlar çox vaxt daha sağlam olurlar. Səxavətli olmaq hətta xroniki xəstəliyi olanların da, məsələn, səpələnmiş skleroz və İİV-dən (insanın immunçatışmazlığı virusu) əziyyət çəkənlərin də səhhətinə müsbət təsir göstərir. Bundan əlavə, müşahidə olunub ki, müalicə alan əyyaşlar başqalarına kömək edəndə daha az depressiyaya düşür və onların yenidən içkiyə qurşanmaq ehtimalı azalır.

Bu necə baş verir? Araşdırmalara əsasən, «şəfqət, xeyirxahlıq, yaxşılıq kimi xüsusiyyətlər insanda mənfi hisslərə yer qoymur». Xeyirxahlıq həmçinin stressi azaldır və qan təzyiqinin qalxmasının qarşısını alır. Həyat yoldaşını itirmiş insan başqalarına kömək edəndə özünə daha tez gəlir.

Heç bir şübhə yoxdur ki, xeyirxahlıq göstərmək insanın xeyrinədir.

XEYİRXAHLIQ BAŞQALARINA DA SİRAYƏT EDİR

Bir peyğəmbər demişdi: «Həmişə verin, onda sizə də verəcəklər. Ətəyinizə silkələnib-basılmış, ağzınacan doldurulmuş, dopdolu bir ölçü ilə tökəcəklər. Çünki hansı ölçü ilə ölçürsünüzsə, həmin ölçü ilə də sizə ölçəcəklər» (Luka 6:38). İnsan kiməsə xeyirxahlıq göstərəndə bu, qarşı tərəfdə minnətdarlıq hissi oyadır və onu da xeyirxah olmağa təşviq edir. Beləcə, bu xüsusiyyət əməkdaşlıq və dostluq münasibətlərini yaxşılaşdırır.

Xeyirxahlıq xüsusiyyəti əməkdaşlıq və dostluq münasibətlərini yaxşılaşdırır

İnsan münasibətləri üzrə mütəxəssislər qeyd edirlər ki, «bir nəfərin həmişə xeyirxahlıq, fədakarlıq göstərməsi başqalarını da bu cür olmağa təşviq edir». Adicə «kiminsə etdiyi xeyirxah əməl haqda oxuyanda insan da o cür olmaq istəyir». Belə ki, bir araşdırmaya əsasən məlum olub ki, «hər kəs tanımadığı, görmədiyi onlarla, hətta yüzlərlə insana təsir edə bilər». Başqa sözlə, cəmi bir xeyirxahlıq zəncirvari şəkildə bir insandan digərinə sirayət edə bilər. Yəqin ki, siz də belə insanların ətrafında yaşamaq istəyərdiniz. Həqiqətən də, nə qədər çox insan xeyirxahlıq etsə, nəticə bir o qədər gözəl olacaq.

Floridada (ABŞ) baş verən bir hadisə buna əyani nümunədir. Bir qrup Yehovanın Şahidi orada tüğyan edən güclü qasırğadan sonra zərərçəkənlərə yardım işində kömək edirdilər. Onlar işlədikləri ev üçün lazım olan ləvazimatların gəlməsini gözləyən vaxt gördülər ki, qonşunun hasarı yararsız hala düşüb və onu təmir etdilər. Həmin qonşu bir müddət sonra Yehovanın Şahidlərinin baş idarəsinə belə bir məktub göndərir: «Onlara yerlə-göy qədər minnətdaram. Bu insanlar indiyədək rast gəldiyim ən gözəl insanlardır». Həmin qonşu minnətdarlıq əlaməti olaraq məktubla birlikdə ianə göndərmişdi.

ƏN BÖYÜK XEYİRXAHLIQ NÜMUNƏSİ

Bir elmi araşdırmanın gəldiyi nəticəyə görə, «başqalarına kömək etmək insan xislətinə xas olan bir şeydir». Hətta «uşaqlar hələ dil açmazdan öncə xeyirxah işlər görməyə başlayırlar». Səbəb? Müqəddəs Kitabda deyilir ki, insanlar Allahın bənzərində yaradılıblar, yəni insanlarda ilahi xüsusiyyətlər var (Yaradılış 1:27).

Yehova Allahın mübarək sifətlərindən biri də səxavətdir. O, bizə həyat, xoşbəxt olmağımız üçün hər şey verib (Həvarilərin işləri 14:17; 17:26—28). Müqəddəs Kitabı oxumaqla Allahı daha yaxından tanıya və Onun bizimlə bağlı olan fikirlərini öyrənə bilərik. Orada həmçinin göstərilir ki, Allah-Taala bizim gələcək firavanlığımız üçün müəyyən tədbirlər görüb * (1 Yəhya 4:9, 10). Səxavət xüsusiyyəti Yehovadan qaynaqlandığı üçün və biz də Allahın bənzərində yaradıldığımıza görə bu xüsusiyyəti təzahür etdirməklə təbii ki, həm özümüz sevinəcəyik, həm də Yehovanı sevindirəcəyik (İbranilərə 13:16).

Bu məqalənin əvvəlində adı çəkilən Aleksandra yadınızda? Bilmək istəyərdiniz, o hadisənin axırı necə oldu? Aleksandranın yol yoldaşı onu qınayıb deyirdi ki, sən pulu elə bil havaya atdın. Ancaq sonuncu dayanacaqda çinli oğlan öz dostları ilə əlaqə saxladı və Aleksandranın 20 dollarını geri qaytardı. Bundan əlavə, oğlan Aleksandranın məsləhətinə qulaq asıb Müqəddəs Kitabı öyrənməyə başladı. Üç aydan sonra Aleksandra həmin oğlanı Yehovanın Şahidlərinin Perudakı çindilli toplantısında görəndə çox sevindi. Çinli oğlan minnətdarlığını bildirmək üçün Aleksandranı və onunla toplantıya gələnləri öz restoranına dəvət etdi.

Kiməsə yaxşılıq etmək insanın əhvalını yüksəldir. Bundan əlavə, bu xüsusiyyət bizi təşviq edəcək ki, insanlara hər cür yaxşılığın mənbəyi olan Yehova Allahı tanımağa kömək edək! (Yaqub 1:17). Bəs siz başqalarına yaxşılıq etməyi xoşlayırsınız?

^ abz. 21 Daha ətraflı məlumat almaq üçün «Müqəddəs Kitab təlimləri» kitabına baxın. Kitab Yehovanın Şahidləri tərəfindən dərc olunub və onu jw.org saytından yükləyə bilərsiniz. (NƏŞRLƏR > KİTAB VƏ BROŞÜRLƏR bölməsinə baxın.)