Müqəddəs Kitabın mütaliəsini daha effektiv və maraqlı edin
YUŞƏ çətin bir vəziyyətlə üzləşmişdi. O, İsrail xalqını Vəd edilmiş diyara aparmaq üçün böyük şücaət göstərməli idi. Yehova onu uğur qazanacağına əmin etmiş və ruhlandıraraq demişdi: «Cəsur ol, möhkəm ol! Qulum Musanın tapşırdığı kimi, bütün qanunlara dəqiqliklə əməl et... Gecə-gündüz onları oxu ki, hər kəlməsinə dəqiqliklə əməl edəsən. Onda hər işin avand olar və hikmətlə hərəkət edərsən» (Yuş. 1:7, 8).
Yaşadığımız «son dərəcə çətin bir vaxt»da bizim də çoxlu problemlərimiz olur (2 Tim. 3:1). Yehovanın bu göstərişinə əməl etsək, biz də Yuşə kimi uğur qazana bilərik. Odur ki, hər birimiz Müqəddəs Kitabı müntəzəm oxumalı və sınaqlarla üzləşən zaman oradakı prinsiplərə dəqiqliklə əməl etməliyik.
Yəqin çoxumuz etiraf edərik ki, biz bu sahədə elə də yaxşı şagird deyilik və Müqəddəs Kitabı araşdırmaq bizim üçün o qədər də asan deyil. Bununla belə, Allahın Kəlamını araşdırmaq olduqca vacib məsələdir. Araşdırmanı daha effektiv və daha maraqlı etmək üçün «Bu məsləhətləri sınaqdan keçirin» adlı çərçivəyə nəzər sala bilərsiniz.
Məzmurçu yazır: «Əmrlərinin yolunda mənə bələdçi ol, çünki onlardan həzz alıram» (Zəb. 119:35). Siz də Allahın Kəlamının mütaliəsindən zövq ala bilərsiniz. Müqəddəs Kitabın dərinliyinə vardıqca ruhani xəzinədən qiymətli daş-qaşlar tapacaqsınız.
Yuşə kimi xalqa rəhbərlik etməli olmasanız da, əlbət ki, sizin də özünüzə görə çətinlikləriniz var. Odur ki, Yuşədən örnək alaraq Allahın Kəlamını oxuyub sizin rifahınız üçün yazılanlara əməl edin. Onda hər işinizdə uğur qazanacaq və hikmətlə davranacaqsınız.