Kontentə keç

Mündəricatı göstər

Bilirsiniz?

Bilirsiniz?

Nəyə əsasən demək olar ki, İsa Məsihin küçüklərlə bağlı çəkdiyi məsəl təhqir sayılmırdı?

Yunan və ya Roma mədəniyyətinə aid əlində küçük tutan balaca qız heykəli (b. e. ə. I — b. e. II əsrləri)

Bir dəfə İsa Məsih İsrail sərhədlərindən kənarda, Romanın Suriya əyalətində olanda bir yunan qadın ondan qızına şəfa diləmişdi. İsa Məsih isə qeyri-yəhudilərə işarə edərək bir bənzətmə kimi küçükləri misal gətirmişdi. Musa peyğəmbərə verilən qanuna əsasən, it murdar heyvan sayılırdı (Lavililər 11:27). Kimdəsə fikir yarana bilər ki, bununla İsa Məsih həmin yunan qadını, ümumiyyətlə, bütün qeyri-yəhudiləri təhqir etmişdi. Bəs doğurdanmı bu, belə idi?

Heç də yox. Şagirdlərinə də dediyi kimi, həmin dövrdə İsa Məsihin əsas məqsədi yəhudilərə kömək etmək idi. Buna görə də yunan qadına bu məsəli çəkmişdi: «Çörəyi uşaqların əlindən alıb küçüklərin qabağına atmaq düzgün deyil» (Mətta 15:21—26; Mark 7:26). O dövrdə yunanlar və romalılar itləri çox sevirdi və evdə it saxlayırdılar, hətta uşaqları itlərlə oynayırdı. Buna görə də həmin qadın küçük sözünü eşidəndə yəqin ki, onda xoş hisslər yaranmışdı. O, İsanın sözünün canını başa düşdü, buna görə də ona belə cavab verdi: «Düz deyirsən, Ağa, amma axı küçüklər də ağalarının süfrəsindən tökülən qırıntıları yeyirlər». Məsih bu qadını belə güclü iman sahibi olduğu üçün təriflədi və onun qızına şəfa verdi (Mətta 15:27, 28).

Həvari Bulusun dəniz səyahətini təxirə salmaq məsləhəti nəyə görə yerində idi?

Yük gəmisinin relyef təsviri (b. e. I əsri)

Bir dəfə dustaq olan həvari Bulusu gəmi ilə İtaliyaya aparırdılar. Gəmi küləyə qarşı üzdüyü üçün onlar bir limanda dayanmalı olur. Onda həvari səyahəti təxirə salmağı məsləhət görür (Həvarilərin işləri 27:9—12). Həvari Bulusun bu məsləhəti verməyə əsası var idi?

Qədim dövrlərdə dənizçilər küləkli aylarda Aralıq dənizində səyahət etməyin təhlükəli olduğunu bilirdilər. Buna görə də noyabr ayının ortasından mart ayının ortasına kimi onlar səyahətə çıxmırdı. Amma həvari Bulusun mindiyi gəmi sentyabr və ya oktyabr ayında dənizə çıxmışdı. Roma yazıçısı Publiy Flaviy IV əsrin sonlarında yazdığı bir əsərdə Aralıq dənizində səyahət etməklə bağlı demişdi: «Bəzi aylar çox əlverişli, bəzisi risklidir, bəzi aylarda isə səyahət etmək ümumiyyətlə mümkün deyil» («Epitome of Military Science»). Yazıçı həmçinin qeyd etmişdi ki, mayın 27-dən sentyabrın 14-nə qədər dənizə çıxmaq münasib idi, amma sentyabrın 15-dən noyabrın 11-nə və martın 11-dən mayın 26-na kimi dənizdə səyahət etmək çox riskli, hətta təhlükəli idi. Tez-tez gəmi ilə səyahət etdiyi üçün həvari Bulus bunu çox yaxşı bilirdi. Çox ehtimal ki, kapitanın və gəmi sahibinin də bundan xəbəri var idi, amma onlar həvarinin məsləhətinə qulaq asmadılar. Nəticədə gəmi qəzaya uğradı (Həvarilərin işləri 27:13—44).