Kontentə keç

Mündəricatı göstər

AİLƏLƏRƏ KÖMƏK | NİKAH

Dil yarası vurmayın

Dil yarası vurmayın

PROBLEM

Hər dəfə aranızda fikir ayrılığı yaranan kimi ər-arvad başlayırsınız bir-birinizi tənqid atəşinə tutmağa. Yaralayıcı sözlərlə danışmaq artıq ailənizdə «normal» ünsiyyət tərzinə çevrilib.

Ailənizdə vəziyyət belə olsa da, hər şeyi düzəltmək öz əlinizdədir. Amma gərək, ilk növbədə, problemin kökünü tapmalısınız və fikirləşməlisiniz ki, onun həllinin sizə hansı xeyri dəyəcək.

PROBLEMİN KÖKÜ

İnsanın çıxdığı ailə. Evlənən insanların bir çoxu təhqiramiz danışığın adi hal olduğu ailələrdə böyüyüb. Valideynlərinin tökdüklərini yığan belə insanların ailələrində də eyni vəziyyət müşahidə olunur.

Baxdığı və eşitdiyi şeylərin təsiri. Film və teleşoularda kobud danışıq gülməli bir şey kimi təqdim olunur və tamaşaçıda elə təəssürat yaranır ki, başqasını təhqir etmək zərərsiz, hətta əyləncəlidir.

Mədəniyyəti. Bəzi xalqlarda insana «əsil kişinin» hökmlü, qadının isə aciz görünməməsi üçün hikkəli olmalı olduğu aşılanır. Fikir ayrılığı yarananda ər-arvad məsələni dinc şəkildə həll etmək əvəzinə, başlayırlar yağı düşmən kimi bir-birlərini top-tüfəngə tutmağa.

Səbəb nə olursa-olsun, yaralayıcı danışıq boşanmaya gətirib çıxara, habelə insanın sağlamlığına ziyan vura bilər. Hətta bəziləri deyirlər ki, sözün vurduğu zərbə, yumruq zərbəsindən ağırdır. Məsələn, əri tərəfindən döyülüb-söyülən bir qadın dərdini belə dilə gətirir: «Mənim üçün onun təhqiramiz sözlərinə dözmək yumruqlarına dözməkdən çətindir. Döyülməyə razıyam, bircə məni söyməsin».

Təhqiramiz danışıq ucbatından münasibətləriniz tar-mar olubsa, vəziyyəti necə düzəltmək olar?

SİZİN ÖHDƏNİZƏ NƏ DÜŞÜR?

Anlayış göstərin. Özünüzü həyat yoldaşınızın yerinə qoyun və sözlərinizin ona necə təsir etdiyini anlamağa çalışın. Mümkünsə, yoldaşınızın zənnincə sözlərinizlə onun qəlbini qırdığınız konkret bir hadisəni yadınıza salın. Dediklərinizi danmayın; əsas məsələ sözlərinizin həyat yoldaşınıza necə təsir etməsidir. Həyat yoldaşınızı acılamaqdansa, fikirləşin görün dilinizi necə şirin edə bilərsiniz. Müqəddəs Yazılarda deyilir: «Həlim cavab hirsi yatırar, sərt söz qəzəbi alovlandırar» (Süleymanın məsəlləri 15:1).

Nümunəvi ailələrə baxın. Sizin danışıq tərzinizə pis nümunə təsir edirsə, onda çalışın, sizə yaxşı təsir edəcək nümunələr tapasınız. Təqlid edilməyə layiq olan ər-arvadların bir-biri ilə necə danışdıqlarına fikir verin. (Müqəddəs Kitab prinsipi: Filipililərə 3:17.)

İlk məhəbbətinizi qaytarın. Adətən, insanın acıdil olması ürəyindəki problemdən qaynaqlanır. Buna görə də çalışın ki, ürəyinizdə həyat yoldaşınıza qarşı xoş hisslər, gözəl fikirlər oyadasınız. Vaxtilə birgə keçirdiyiniz xoş anları xatırlayın. Köhnə şəkillərinizə baxın. Sizi nə güldürürdü? Bir-birinizi hansı xasiyyətinizə görə bəyənmişdiniz? (Müqəddəs Kitab prinsipi: Luka 6:45.)

Sözünüzə «sən» yox, «mən» deyə başlayın. Həyat yoldaşınızı tənqid etməkdənsə, onun sözlərinin sizə necə təsir etdiyini deyin. Məsələn: «Sən həmişə özbaşına qərar verirsən!» — deməkdənsə, «Mənsiz qərar verəndə özümü lazımsız hiss edirəm», — demək məsləhətdir. (Müqəddəs Kitab prinsipi: Koloslulara 4:6.)

Başlamamış qurtarın. Görəndə ki, hisslərinizi cilovlaya bilmirsiniz və söhbət öz məcrasından çıxır, yaxşısı budur, söhbəti başqa vaxta saxlayasınız. Əslində, qızğın mübahisədən qaçıb, məsələni sakit başla həll edəcəyiniz vaxta salmaqda pis bir şey yoxdur. (Müqəddəs Kitab prinsipi: Süleymanın məsəlləri 17:14.)

Adətən, insanın acıdil olması ürəyindəki problemdən qaynaqlanır