Qaranlıqdan nura doğru
«[Yehova] sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağırır» (1 BUT. 2:9).
NƏĞMƏ: 116, 102
1. Eramızdan əvvəl 607-ci ildə Yerusəlimdə baş verən faciəni təsvir edin.
ERAMIZDAN ƏVVƏL 607-ci ildə böyük Babil ordusu II Navuxodonosorun başçılığı altında Yerusəlimi zəbt edir. Bu qanlı hadisə barədə Müqəddəs Kitabda yazılıb: «[Navuxodonosor] onların cavanlarını müqəddəs məkanda qılıncdan keçirtdi, nə oğlana, nə qıza, nə qocaya, nə də xəstəyə rəhm etmədi... Allahın məbədini yandırdı, Yerusəlimin divarlarını yerlə yeksan etdi, qalalarına od vurdu, şəhərdə dəyərli nə var idisə, hamısını məhv etdi» (2 Saln. 36:17, 19).
2. Yerusəlim barədə Yehova nə demişdi və yəhudiləri necə həyat gözləyirdi?
2 Yerusəlimin başına gələn fəlakət oranın sakinləri üçün gözlənilməz hadisə deyildi. Çünki illər əvvəl Allah peyğəmbərləri vasitəsilə yəhudiləri xəbərdar etmişdi ki, şər əməllərindən əl çəkməsələr, onları babillilərə təslim edəcək; çoxu qılıncdan keçiriləcək, sağ qalanlar isə ömürlərinin axırına kimi Babildə əsir olacaqlar (Ərm. 15:2). Əsirlikdə yəhudilər necə həyat yaşadılar? Bəs məsihilər nə vaxtsa Babil əsarətinə oxşar vəziyyətə düşüblər? Əgər düşüblərsə, nə vaxt?
ƏSİRLİK HƏYATI
3. Yəhudilərin Babil əsarəti Misir əsarətindən nədə fərqlənir?
3 Peyğəmbərlərin sözləri həyata keçdi. Yehova Ərəmya peyğəmbər vasitəsilə Babilə əsir aparılacaq israillilərə məsləhət görmüşdü ki, yeni şəraitə uyğunlaşsınlar və normal həyat yaşasınlar. Allah demişdi: «Evlər tikib yaşayın. Bağ salıb meyvəsini yeyin... Sizi sürgün etdiyim şəhərin əmin-amanlığı üçün çalışın, o şəhərdən ötrü Yehovaya dua edin, çünki oranın əmin-amanlığı sizin əmin-amanlığınız deməkdir» (Ərm. 29:5, 7). Allahın iradəsinə tabe olanlar Babildə nisbətən sabit həyat yaşayırdılar. Babillilər yəhudilərə orada iş-güclə məşğul olmağa və ölkə ərazisində sərbəst hərəkət etməyə izin vermişdi. Babil qədim dünyanın ticarət mərkəzi idi. Qədimi sənədlərdə qeyd olunur ki, bir çox yəhudi burada tacirliyi öyrənmiş və bir sıra peşələrə yiyələnmişdilər. Hətta bəzi yəhudilər zəngin yaşayırdılar. Babil əsarəti əsrlər əvvəl israillilərin yaşadığı Misir əsarəti kimi ağır deyildi. (Çıxış 2:23—25 ayələrini oxuyun.)
4. Asi yəhudilərin günahına görə daha kimlər əsir düşmüşdü və bu əsirlik onların hansı sahədə əl-qolunu bağlamışdı?
4 Düzdür, israillilər maddi cəhətdən korluq çəkmirdilər. Bəs onların ibadəti barədə nə demək olar? Yehovanın məbədi və qurbangah dağıdılmışdı, kahinlik xidməti artıq fəaliyyət göstərmirdi. Əsirlərin arasında Allaha sədaqətlə xidmət edən, bu cəzaya layiq olmayan insanlar da var idi; onlar bütün xalqla birlikdə əziyyət çəkirdilər. Bununla belə onlar əllərindən gəldiyi qədər Allahın qanunlarına riayət edirdilər. Məsələn, Babildə əsir olan Dənyal və onun üç dostu Sədrah, Misah və Abidnağu yəhudilərə haram buyrulan yeməkdən imtina etmişdilər. Həmçinin bildiyimiz kimi Dənyal müntəzəm olaraq Yehovaya dua edirdi (Dən. 1:8; 6:10). Amma bütpərəst dövlətdə yaşadıqlarına görə mömin yəhudilər üçün Allahın qanunlarının bütün tələblərinə əməl etmək qeyri-mümkün idi.
5. Yehova xalqına nəyi vəd etmişdi və bu vədin yerinə yetməsində qeyri-adi olan nədir?
5 Görəsən, israillilər nə vaxtsa Allahı tam razı salan şəkildə ibadət edə biləcəkdilər? Həmin vaxt bu, mümkünsüz görünürdü, çünki babillilər heç vaxt əsirləri azad etmirdilər. Amma onlar Yehovanı yaxşı tanımırdılar. Yehova vəd etmişdi ki, Onun xalqı əsirlikdən qurtulacaq, belə də oldu. Bəli, Allahın sözü heç vaxt puça çıxmır (Əşy. 55:11).
MƏSİHİLƏR VƏ BABİL ƏSARƏTİ
6, 7. Məsihilərin Babil əsarətinə düşdüyü tarixə nəyə görə düzəliş etmək lazım gəldi?
6 Bəs məsihilər nə vaxtsa Babil əsarətinə oxşar vəziyyətə düşüblər? Uzun illər «Gözətçi qülləsi» jurnalında izah olunurdu ki, Allahın müasir xalqı 1918-ci ildə Babil əsarətinə düşüb, 1919-cu ildə isə əsarətdən azad olub. Ancaq müəyyən səbəblərdən bu izahata düzəliş etmək lazım gəldi. Bu və növbəti məqalədə həmin səbəblər nəzərdən keçiriləcək.
7 Gəlin bu barədə mülahizə yürüdək: bildiyimiz kimi Böyük Babil saxta dinin dünya imperiyasıdır. Əgər Allahın xalqı 1918-ci ildə Babilin əsarətinə düşmüş olsaydı, həmin vaxt onun saxta dinin təsiri altında olduğu nədənsə görünərdi. Lakin faktlar göstərir ki, Birinci Dünya müharibəsindən əvvəlki onilliklər ərzində Allahın məsh olunmuş
xidmətçiləri artıq Böyük Babilin əsarətindən çıxmağa başlamışdılar. Həmçinin Birinci Dünya müharibəsi illərində məsh olunmuş məsihilərin məruz qaldığı təqiblər, əsas etibarı ilə, Böyük Babilin deyil, hökumət tərəfindən idi. Bu faktlardan görünür ki, Yehovanın xalqı Böyük Babilin əsarətinə 1918-ci ildə düşməyib.MƏSİHİLƏR NƏ VAXT BABİL ƏSARƏTİNDƏ OLUBLAR?
8. Həvarilərin ölümündən sonra nə baş verdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)
8 Eramızın 33-cü ilin Əllinci gün bayramında minlərlə yəhudi və prozelit müqəddəs ruhla məsh olundu. Məsihiliyi yenicə qəbul edən bu insanlar «seçilmiş soy, padşah və kahin tayfası, müqəddəs xalq» oldular. (1 Butrus 2:9, 10 ayələrini oxuyun.) Həvarilər ömürlərinin axırına kimi yığıncaqları dönüklükdən qorumaq üçün əllərindən gələni edirdilər. Buna baxmayaraq, «şagirdləri ardınca aparmaq üçün həqiqəti» təhrif edən adamlar peyda oldu, əsasən də, həvarilərin ölümündən sonra (Həv. 20:30; 2 Salon. 2:6—8). Bu adamların çoxu əvvəl məsul qardaş idi. Sonralar isə onlar yepiskop adlandılar və beləcə ruhanilər sinfi yaranmağa başladı, baxmayaraq ki, İsa Məsih: «Siz... bir-birinizə qardaşsınız», — demişdi (Mət. 23:8). Aristotel və Platon fəlsəfəsinin vurğunu olan nüfuzlu insanlar yığıncaqda Allahın Kəlamındakı həqiqətlərin əvəzinə, bu filosofların fikirlərini öyrətməyə başladılar.
9. Dönüklüyə uğramış məsihilik Roma dövləti ilə necə əlbir oldu və bu, nə ilə nəticələndi?
9 Eramızın 313-cü ilində Roma imperatoru Konstantin dönük məsihiliyi qanuniləşdirdi. O vaxtdan etibarən kilsə ilə dövlət birgə fəaliyyət göstərməyə başladı. Misal üçün, Nikeya qurultayından sonra qurultaya başçılıq edən Konstantin İsanın Allah olması təlimi ilə razılaşmadığı üçün Arius adlı bir keşişi sürgünə göndərmişdi. Sonralar imperator I Feodosinin dövründə (379—395 illər) məsihiliyin təhrif olunmuş forması — Katolik dini Roma İmperiyasının dövlət dini oldu. Tarixçilər bütpərəst Romanın IV əsrdə məsihiləşdiyini qeyd edirlər. Əslində isə dönüklüyə uğramış məsihilik həmin vaxt Böyük Babilin üzvü olan dinlərlə, Roma İmperiyasındakı bütpərəst dinlərlə artıq qarışmışdı. Bütün bunlara baxmayaraq, az sayda olan buğdaya bənzər məsh olunmuş məsihilər əllərindən gəldiyi qədər Allaha ibadət edirdilər, amma onların səsi boğulurdu. (Mətta 13:24, 25, 37—39 ayələrini oxuyun.) Bəli, onlar Babilin əsarətində idilər!
10. Eramızın əvvəllərində həqiqəti axtaran insanlar nəyin sayəsində kilsə təlimləri ilə Müqəddəs Kitab arasındakı fərqi görə bilirdilər?
10 Eramızın ilk bir neçə əsrini insanlar Müqəddəs Kitabı yunan və ya latın dilində oxuyurdular. Onlar oradakı təlimlərlə kilsə təlimləri arasındakı fərqi asanlıqla görə bilirdilər. Buna görə də bəziləri Müqəddəs Kitaba zidd olan ehkamları rədd edirdilər. Amma bunun axırı ölümlə nəticələnə bilərdi.
11. Necə oldu ki, Müqəddəs Kitab kilsənin nəzarəti altına düşdü?
11 Vaxt keçdikcə Müqəddəs Kitabın yazıldığı dillər köhnəlməyə başladı, kilsə isə onu xalqın dilinə tərcümə etməyə qoymurdu. Nəticədə, Müqəddəs Kitabı yalnız din xadimləri və savadlı insanlar oxuya bilirdi. Bir məqamı da qeyd edək ki, din xadimlərinin hamısı yaxşı
oxuyub yaza bilmirdi. Kilsə təlimləri ilə razılaşmayan hər kəs qəddarcasına cəzalandırılırdı. Amma Yehovanın sadiq məsh olunmuş xidmətçiləri kiçik qruplar halında gizlincə toplaşırdılar, bəzilərində isə bu alınmırdı. Qədimdə Babil əsarəti vaxtı olduğu kimi, «padşah və kahin tayfası» olan məsh olunmuşlar mütəşəkkil şəkildə fəaliyyət göstərə bilmirdi. Böyük Babil insanları öz cəngində saxlayırdı!QARANLIĞA NUR SAÇIR
12, 13. Hansı iki amilin sayəsində Böyük Babilin insanlar üzərində təsiri zəifləyirdi və bu, necə baş verirdi?
12 Bəs görəsən, həqiqi məsihilər nə vaxtsa sərbəst şəkildə və Allaha məqbul tərzdə ibadət edə biləcəkdilər? Əlbəttə! İki amilin sayəsində Müqəddəs Kitabdakı nur yavaş-yavaş qaranlığı aydınlatmağa başladı. Birinci amil XV əsrin ortalarında hərəkətli metal lövhələrdən ibarət çap maşınının ixtira edilməsi oldu. Çap maşını icad olunmamışdan əvvəl Müqəddəs Kitabın surətini çıxarmaq əziyyətli iş idi, çünki mətn əl ilə köçürülürdü. Müqəddəs Kitabın nüsxələri çox az və baha idi. Deyilənə görə, ən məharətli köçürücü Müqəddəs Kitabın bir nüsxəsini on aya köçürürdü. Üstəlik, kitabın köçürüldüyü materiallar da, məsələn, perqament çox baha idi. Çap maşının köməyi ilə isə peşəkar çapçı bir günə 1300 səhifə çap edirdi.
13 İkinci amil XVI əsrin əvvəllərində cəsarətli insanların Müqəddəs Kitabı xalqın dilinə tərcümə etməsidir. Bu tərcüməçilərin çoxu bu işə görə həyatını riskə atmışdı. Keşişlərin canına qorxu düşmüşdü, çünki Müqəddəs Kitab Allahı sevən insanların əlinə keçsəydi, onlara
qarşı güclü silaha çevriləcəkdi! Get-gedə Müqəddəs Kitab əksəriyyət üçün əlçatan olurdu. Xalq bu kitabı oxuduqca onlarda növbəti suallar yaranırdı: «Harada yazılıb ki, bərzəx aləmi var? Harada deyilir ki, keşişə pul verib ölünün ruhuna dua oxutmaq lazımdır? Keşiş və kardinalların adı Müqəddəs Kitabın harasında çəkilir?» Kilsənin nəzərincə bu cür suallar vermək küfr sayılırdı: «Axı nə cürətlə insanlar kilsə təlimlərini sual altına qoyurdular?!» Kilsə bu insanlarla mübarizə aparırdı. Məsih doğulmazdan əvvəl yaşamış Aristotel və Platonun fəlsəfi fikirlərinə əsaslanan kilsə təlimlərini rədd edən insanlara keşişlər kafir damğası vururdu. Kilsə bu insanlara ölüm hökmü kəsirdi, dövlət isə hökmü icra edirdi. Məqsəd isə o idi ki, insanlar Allahın Kəlamını oxumasın və kilsə təlimləri ilə bağlı suallar verməsin. Demək olar ki, onlar öz məqsədlərinə çatdılar. Amma Böyük Babilin hədələri bir neçə cəsur insana təsir etmirdi. Onlar Allahın Kəlamındakı həqiqəti öyrənmişdilər və bu bilik xəzinəsini zənginləşdirmək istəyirdilər. Bununla da yalan dinin caynağından çıxmaq üçün ilk addım atılmışdı!14. a) 1870-ci illərdə Müqəddəs Kitabdakı həqiqətlərin üzə çıxmasına nə təkan vermişdi? b) Rassel qardaşın həqiqəti necə axtardığını danışın.
14 Müqəddəs Kitabdakı həqiqətləri öyrənmək arzusu ilə alışıb yanan insanlar kilsənin təsiri altında olmayan ölkələrə köçməyə başladılar. Onlar Allahın Kəlamını sərbəst şəkildə, kiminsə təsiri olmadan oxuyub araşdırmaq, oxuduqlarını bir-birilə ilə rahat şəkildə müzakirə etmək istəyirdilər. Bu ölkələrdən biri Amerika Birləşmiş Ştatları idi. 1870-ci illərdə orada Çarlz Teyz Rassel və onun məsləkdaşları Müqəddəs Kitabı dərindən araşdırmağa başladı. Rassel qardaş müxtəlif dinlərin, hətta məsihi olmayan dinlərin təlimlərini Müqəddəs Kitabla müqayisə edirdi. Çox tez bir zamanda o başa düşdü ki, bu dinlərin heç birinin təlimləri Allahın Kəlamında yazılanlara uyğun gəlmir. Bir dəfə o, bir neçə keşişlə görüşüb söhbət etmişdi. Rassel qardaş ümid edirdi ki, onlar onun və yoldaşlarının Müqəddəs Kitabdan tapdığı həqiqətləri qəbul edəcək və bu həqiqətləri öz kilsə üzvlərinə də təbliğ edəcəklər. Amma kilsə xadimlərini bu həqiqətlər maraqlandırmırdı. Müqəddəs Kitab Tədqiqatçıları vacib bir həqiqəti başa düşdülər: yalan dindən ayrılmaq istəməyən insanlarla bütün münasibətləri kəsmək lazımdır. (2 Korinflilərə 6:14 ayəsini oxuyun.)
15. a) Məsihilər Böyük Babilin əsarətinə nə vaxt düşüblər? b) Növbəti məqalədə hansı suallara cavab veriləcək?
15 Bu məqalədən görünür ki, həqiqi məsihilər Babilin əsarətinə həvarilərin ölümündən dərhal sonra düşmüşdü. Amma yenə də ortaya bir neçə sual çıxır: 1914-cü ildən əvvəlki onilliklər ərzində məsh olunmuş məsihilərin müəyyən mənada Böyük Babilin əsarətindən çıxdığına başqa dəlillər varmı? Doğrudanmı, Birinci Dünya Müharibəsi zamanı məsihilərin təbliğ işində zəifləməsi Yehovanın narazılığına səbəb olmuşdu? Bu müharibə illərində bəzi məsihilərin bitərəf mövqelərini pozduğu və buna görə Yehovanın rizasını itirdiyi həqiqətdirmi? Əgər məsihilər ikinci əsrdə Babilin əsarətinə düşüblərsə, bəs onda nə vaxt bu əsarətdən çıxıblar? Doğrudan da, çox maraqlı suallardır. Bu suallara növbəti məqalədə cavab veriləcək.