Kontentə keç

Mündəricatı göstər

Padşahlığı hər şeydən üstün tutun

Padşahlığı hər şeydən üstün tutun

«[Allahın] Padşahlığını həyatınızda hər şeydən üstün tutun, onda bunlar da sizə veriləcək» (LUKA 12:31).

NƏĞMƏ: 40, 98

1. Ehtiyacla arzu arasında hansı fərq var?

DEYİRLƏR, insanın ehtiyacları az, istək və arzuları sonsuzdur. Görünür, çoxları ehtiyacla arzu arasında fərq qoya bilmir. Bəs bunlar arasında hansı fərq var? Ehtiyac insanın həyatı üçün zəruri olan şeylərdir, məsələn, yemək, paltar, ev və sairə. İstək və arzu isə sadəcə, əldə etmək istədiyimiz şeylərdir, əslində, bunlarsız da yaşaya bilərik.

2. İnsanlar nələri əldə etməyi arzulayırlar?

2 İnsanın istəkləri onun yaşadığı ərazidən asılıdır. İnkişaf etməkdə olan ölkələrdə insanların istəkləri mobil telefon, ucuzvarı maşın və kiçik torpaq sahəsi ilə məhdudlaşa bilər. Varlı ölkələrdə yaşayan insanlar isə bahalı pal-paltar, imarət və bahalı avtomobil arzulayırlar. Hər iki halda insan çox təhlükəli bir tələyə, malpərəstlik tələsinə düşə bilər. Malpərəst insanın arzuları tükənmir, o, ehtiyacı olan şeyləri də, ehtiyacı olmayan şeyləri də istəyir və fikirləşmir, bunu almağa gücü çatır, yoxsa yox.

ÖZÜNÜZÜ MALPƏRƏSTLİK TƏLƏSİNDƏN QORUYUN

3. Malpərəstlik nədir?

3 Malpərəstlik nədir? Malpərəstlik ruhani dəyərlərə yox, pula, mal-mülkə və bu kimi şeylərə can atmaqdır. Malpərəstliyin kökündə insanın arzuları, üstünlük verdiyi və can atdığı şeylər dayanır. Bu cür insanın gözü doymur. Kiminsə varlı olması və bahalı əşyalar alması onun malpərəst olduğuna dəlalət etmir. Hətta kasıb insan belə, malpərəstlik tələsinə düşə bilər, bununla da, Padşahlığın işi onun həyatında arxa plana keçmiş olur (İbr. 13:5).

4. Şeytan insanın gözlərinin istəyindən öz məqsədləri üçün necə istifadə edir?

4 Şeytan bu dünyanın kommersiya aləmi vasitəsilə bizi inandırmağa çalışır ki, xoşbəxt olmaq üçün insana ehtiyac duyduğundan artığı lazımdır. Şeytan insanın gözlərinin istəyindən öz məqsədləri üçün istifadə etməyi yaxşı bacarır (1 Yəh. 2:15—17; Yar. 3:6; Məs. 27:20). Dünya bizə çox şey təklif edir, gözəl şeylərdən tutmuş ən axmaq şeylərə kimi. Hərdən onlardan bəziləri çox cəlbedici görünür. Elə olubmu ki, əslində ehtiyac duymadığınız, sadəcə, reklamda və ya mağazada görüb xoşladığınız bir əşyanı almısınız, sonra başa düşmüsünüz ki, sən demə, bu sizə heç lazım deyilmiş, bunsuz da yaşaya bilərdiniz? Bu cür əşyalar nəinki həyatı çətinləşdirir, hətta insanı əldən salır. Bunlar insanı tələ kimi tutub saxlayır, ruhani işlərlə məşğul olmağa, yəni Müqəddəs Kitabı araşdırmağa, yığıncağa hazırlaşmağa, ibadət görüşlərinə getməyə və xidmətdə müntəzəm iştirak etməyə qoymur. Həvari Yəhyanın dediyi sözləri unutmayın: «Dünya öz istəkləri ilə bərabər keçib gedir».

5. Bütün gücünü mal-mülk yığmağa sərf edən insanı hansı aqibət gözləyir?

5 Şeytan əlindən gələni edir ki, biz Yehovanın yox, var-dövlətin qulu olaq (Mət. 6:24). Bütün gücünü mal-mülk yığmağa sərf edən insanı axırda iki aqibət gözləyir: ya o, həyatını yalnız özü üçün yaşamış olur, ya da, ən betəri, ruhani cəhətdən boş və mənasız, dərd-sər və məyusluqla dolu həyat yaşayır (1 Tim. 6:9, 10; Vəhy 3:17). İsa Məsih də əkinçi ilə bağlı çəkdiyi məsəldə bu fikri vurğulamışdı. Məsəldə deyilir ki, Padşahlıq haqda xəbər tikanlığa düşəndə digər arzular insanın ürəyinə yol tapır, «sözü boğur və söz bar gətirmir» (Mark 4:14, 18, 19).

6. Bəruxun düşdüyü vəziyyətdən nə öyrənirik?

6 Gəlin Ərəmya peyğəmbərin katibi Bəruxun düşdüyü vəziyyəti nəzərdən keçirək. Yerusəlimin dağılması ilə bağlı deyilən peyğəmbərliyin yerinə yetməsinə çox az qalmışdı. Bərux isə özü üçün «böyük şeylər» arzulamağa, yəni müvəqqəti şeylərə can atmağa başladı. Əslində, ona bircə şey — həyatı lazım idi, Yehova da ona məhz bunu söz vermişdi, demişdi ki, «həyatını sənə bağışlayacağam» (Ərm. 45:1—5). Təbii ki, Yehovanın məhvə məhkum şəhərdə yaşayan heç bir insanın mal-mülkünü qorumaq fikri yox idi (Ərm. 20:5). Günü-gündən bu dünyanın sonu yaxınlaşır. İndi var-dövlət yığmağın vaxtı deyil. Nə qədər bahalı, nə qədər əziz də olsa, heç nəyimizi özümüzlə böyük müsibətdən keçirə bilməyəcəyik (Məs. 11:4; Mət. 24:21, 22; Luka 12:15).

7. Bu məqalədə nəyi araşdıracağıq və bu bizə nədə kömək edəcək?

7 İsa Məsih yanlış yola sapmadan, malpərəstlik tələsinə düşmədən və gərəksiz yerə narahat olmadan zəruri ehtiyaclarımızı ödəməklə bağlı ən yaxşı məsləhəti vermişdi. Bu məsləhəti o, Dağüstü vəzində demişdi (Mət. 6:19—21). Gəlin bu vəzdən bir parçanı, Mətta 6:25—34 ayələrini təhlil edək. Bu araşdırma Padşahlığı həyatımızda hər şeydən üstün tutmağa təşviq edəcək (Luka 12:31).

YEHOVA QAYĞIMIZA QALIR

8, 9. a) Nəyə görə zəruri ehtiyaclarımıza görə həddən artıq narahat olmamalıyıq? b) İsa Məsih insanlar və onların tələbatları barədə nəyi bilirdi?

8 Mətta 6:25 ayəsini oxuyun. İsa onun vəzini dinləyən insanlara «canınızdan ötrü... qayğı çəkməyin» deməklə, bir növ «narahat olmayın» demək istəyirdi. Onlar gərəksiz yerə narahat olurdular, buna görə də İsa onlara bu məsləhəti vermişdi. İsanın bu sözləri əsassız deyildi. İnsan hətta ən zəruri ehtiyaclarına görə həddən artıq narahat olanda fikri-zikri ancaq bu tələbatlarını ödəməyə cəmlənir, diqqəti ruhani işlərdən yayınır. İsa şagirdlərinə görə o dərəcədə narahat idi ki, vəzində onları bu təhlükə barədə daha dörd dəfə xəbərdar etmişdi (Mət. 6:27, 28, 31, 34).

9 Nə üçün İsa Məsih demişdi ki, yeməyə, içməyə və paltara görə narahat olmamalıyıq? Məgər bunlar yaşamağımız üçün zəruri deyil? Məgər bu şeyləri almağa imkanımız çatmayanda narahat olmuruq? Əlbəttə, bunlar zəruri şeylərdir və bu şeylərə görə narahat olmaq təbiidir. İsa da bunu yaxşı başa düşürdü. O, insanların gündəlik tələbatlarından xəbərdar idi. O hətta bilirdi ki, əsrlər sonra axırzamanda, son dərəcə çətin bir vaxtda yaşayan şagirdləri hansı çətinliklərlə üzləşəcəklər (2 Tim. 3:1). Bu çətinliklərin sırasına çoxlarının üzləşdiyi işsizliyi, iqtisadi böhranı, qida çatışmazlığını və kasıbçılığı daxil etmək olar. Amma İsa bunu da yaxşı bilirdi ki, «can yeməkdən, bədən geyimdən qiymətli»dir.

10. İsanın nümunə üçün verdiyi duaya əsasən, həyatımızda birinci yerdə nə durmalıdır?

10 Dağüstü vəzində əvvəlcə İsa insanları səmavi Atalarına «bu gün bizə bugünlük ruzimizi ver» deyərək ehtiyacları üçün dua etməyi öyrətmişdi (Mət. 6:11). Başqa bir vaxt da İsa insanlara gündəlik tələbatları üçün dua etməyi öyrətmişdi (Luka 11:3). Amma bu o demək deyil ki, biz yalnız ehtiyaclarımız barədə düşünməliyik. İsa, ilk növbədə, Allahın Padşahlığı barədə dua etməyi buyurmuşdu (Mət. 6:10; Luka 11:2). Onun vəzini dinləyən insanların qəlbinə rahatlıq gətirmək üçün İsa Yehova Allahın Öz yaratdıqlarının qayğısına necə qaldığını vurğulamışdı.

11, 12. Yehovanın quşların qeydinə qalması bizə nə öyrədir? (Məqalənin əvvəlindəki şəklə baxın.)

11 Mətta 6:26 ayəsini oxuyun. İsa bizi quşlara nəzər salmağa təşviq edir. Quşlar çox kiçik məxluq olsa da, çoxlu meyvə, dən, həşərat və soxulcan yeyirlər. Onlar insan boyda olsaydılar, insandan çox yemək yeyərdilər. Ancaq fikir verin ki, yem əldə etmək üçün onlar əkin-biçinlə məşğul olmurlar. Yehova onları ehtiyacları olan hər şeylə təmin edir (Zəb. 147:9). Təbii ki, Yehova yemi gətirib quşların dimdiyinə qoymur. O, quşlar üçün çoxlu tədarük görüb, amma yemi axtarıb-tapmaq onların öz öhdəsinə düşür.

12 İsa əmin idi ki, quşlara yem verən Allah Öz bəndələrinin də zəruri ehtiyaclarını mütləq ödəyəcək [1] (1 But. 5:6, 7). Yehova bizim də ağzımıza gətirib yemək qoymur, O, bizim əkin-biçinimizə bərəkət verir, gündəlik ehtiyaclarımızı ödəmək üçün pul qazanmağa kömək edir. Çıxılmaz vəziyyətdə qalanda kimisə bizə əl tutmağa təşviq edir. Düzdür, məsəldə İsa quşların yuvası barədə söz açmamışdı, amma qeyd etmək istəyirik ki, Yehova quşlara yuva tikmək qabiliyyəti verib və «tikinti materialları» ilə təmin edib. Eynilə, Yehova bizə də ailəmizi münasib evlə təmin etməyə kömək edəcək.

13. Allahın gözündə quşlardan dəyərli olduğumuzu nə sübut edir?

13 İsa Məsih onun vəzini dinləyən insanlara demişdi: «Məgər siz [quşlardan] qiymətli deyilsiniz?» Sözsüz ki, İsa bu sözləri tezliklə bəşəriyyət üçün canını qurban verəcəyini nəzərdə tutub demişdi. (Luka 12:6, 7 ayələri ilə müqayisə edin.) İsa quşların və başqa canlıların yox, bizim uğrumuzda canını qurban verib. O, özünü fəda edib ki, biz ölməyək, əbədi yaşayaq (Mət. 20:28).

14. Həddən artıq narahat olan insan nəyə nail ola bilməz?

14 Mətta 6:27 ayəsini oxuyun. İsa bu ayədəki sözlərlə nə demək istəyirdi? O demək istəyirdi ki, gündəlik ehtiyacları üçün həddən artıq narahat olmaq insanın ömrünü uzatmır, əksinə, gödəldir.

15, 16. a) Yehovanın yaratdığı zanbaqların gözəlliyi bizə nə öyrədir? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Özümüzə hansı sualları verməliyik və nəyə görə?

15 Mətta 6:28—30 ayələrini oxuyun. Hamımız gözəl geyinməyi xoşlayırıq, xüsusilə də, ruhani tədbirlərə, məsələn, xidmətə, yığıncaq görüşünə və toplantıya gedəndə. Bu halda belə, geyimdən ötrü narahat olmağa dəyməz. İsa bu ayələrdə də bizim diqqətimizi Allahın yaratdıqlarına yönəldir. Bu dəfə o, zanbaqlardan söz açır. Ola bilsin, İsa zanbaqkimilər fəsiləsinə aid olan qladiolus, sünbülçiçək, süsən və dağlaləsi kimi gülləri nəzərdə tuturdu. Bu güllərin hərəsinin öz gözəlliyi var. Onlar nə ip əyirir, nə paltar tikir, nə də toxuyurlar. Amma onlar elə gözəldirlər ki, iki göz istəyir, dursun tamaşasına! «Heç Süleyman da bütün cah-calalında bunlardan biri kimi geyinməmişdir»!

16 İsanın sözünün canı bu idi: «Əgər Allah... çöl otunu belə geyindirirsə, ey az imanlılar, məgər sizi geyindirməyəcək?» Sözsüz ki, geyindirəcək! Ancaq İsanın şagirdlərinin imanı müəyyən mənada zəif idi (Mət. 8:26; 14:31; 16:8; 17:20). Onlar imanlarını möhkəmləndirməli və Yehovaya axıra kimi güvənməli idilər. Bəs bizim imanımız nə dərəcədə güclüdür? Nə dərəcədə əminik ki, Yehova bizim qeydimizə qalmaq istəyir və buna qadirdir?

17. Yaradanımızla münasibətimizi nə korlaya bilər?

17 Mətta 6:31, 32 ayələrini oxuyun. «Başqa xalqlar»ın, yəni Yehovaya ibadət etməyən insanların imanı Allahı qayğıkeş Ata kimi qəbul edəcək dərəcədə güclü deyil. Onlar inanmırlar ki, Allah Padşahlığı hər şeydən üstün tutanların qeydinə qalır. Biz bu insanlar kimi olmamalıyıq, onlar kimi maddi şeylər dalınca qaçmamalıyıq, əks halda, Yaradanımızla münasibətimiz korlanacaq. Allahın qarşısında daşıdığımız vəzifəni yerinə yetirsək — ruhani işləri birinci yerə qoysaq, O, bizi ehtiyacımız olan hər şeylə təmin edəcək. Əsil möminlik bizi təşviq edəcək ki, yeməyimiz, paltarımız və qalmağa yerimiz varsa, bunlara qane olaq (1 Tim. 6:6—8, haş.).

PADŞAHLIĞI HƏR ŞEYDƏN ÜSTÜN TUTURSUNUZ?

18. Yehova şəxsən hər birimiz haqqında nəyi bilir və bu, bizi nəyə əmin edir?

18 Mətta 6:33 ayəsini oxuyun. Məsihin davamçıları Padşahlığı həmişə hər şeydən üstün tutmalıdırlar. Məsih demişdi ki, əgər belə etsək «bütün bunlar [bizə] veriləcək». O, nəyi nəzərdə tuturdu? Əvvəlki ayədə o demişdi: «Göydəki Atanız isə bütün bunlara ehtiyac duyduğunuzu bilir». «Bütün bunlar» deyəndə İsa həyati vacib şeyləri nəzərdə tuturdu. Yehova bizim yemək, geyim və ev kimi tələbatlarımızı yaxşı görür, hətta bu ehtiyaclarımızı bizdən əvvəl duyur (Filip. 4:19). O görür bizim hansı paltarımız köhnəlir, bilir, bizə hansı yemək lazımdır, ailəmizin yerləşməsi üçün necə evə ehtiyacımız var. Əmin ola bilərik ki, Yehova, həqiqətən də, ehtiyac duyduğumuz şeylərlə bizi təmin edəcək.

19. Nə üçün gələcəyə görə narahat olmamalıyıq?

19 Mətta 6:34 ayəsini oxuyun. İsa artıq ikinci dəfədir ki, «narahat olmayın» deyir. O istəyirdi ki, davamçıları bu günü düşünsünlər, sabaha görə narahat olmasınlar, tam arxayın olsunlar ki, Yehova onların köməyinə çatacaq. İnsan gələcəyə görə həddən artıq narahat olanda, Allaha yox, özünə arxalanmağa başlayır, bu isə öz növbəsində, Yehova ilə münasibətlərə təsir göstərir (Məs. 3:5, 6; Filip. 4:6, 7).

PADŞAHLIĞI HƏR ŞEYDƏN ÜSTÜN TUTUN, QALAN ŞEYLƏRİ YEHOVA VERƏCƏK

Padşahlıq işində daha fəal iştirak etmək üçün həyatınızı sadələşdirə bilərsiniz? (20-ci abzasa baxın)

20. a) Yehovanın işində daha fəal olmaq üçün qarşınıza hansı məqsədi qoya bilərsiniz? b) Həyatınızı sadələşdirmək üçün nə edə bilərsiniz?

20 Maddiyyat dalınca qaçıb Padşahlığın işini bir kənara qoymaq heç də ağıllı hərəkət deyil. Biz ruhani məqsədlərə can atmalıyıq. Misal üçün təbliğçilərə ehtiyac olan yığıncağa keçmək olar; ya da öncül xidmətinə başlaya bilərsiniz. Artıq öncülsünüzsə, Padşahlıq müjdəçiləri məktəbində oxumaq üçün ərizə yaza bilərsiniz, yaxud Beyteldə və ya tərcümə ofisində könüllü kimi xidmət etmək olar. Həmçinin həftənin müəyyən günləri ibadət evlərinin tikintisində və təmirində iştirak etməklə yerli layihə-inşaat şöbəsində könüllü kimi xidmət etmək imkanınız var. Götür-qoy edin, görün Padşahlığın işində daha fəal olmaq üçün həyatınızı necə sadələşdirə bilərsiniz. Dua edərək « Həyatı necə sadələşdirmək olar?» adlı çərçivəni nəzərdən keçirin və qarşınıza müəyyən məqsəd qoyandan sonra ona nail olmaq üçün konkret addımlar atın.

21. Yehovaya daha da yaxın olmaq üçün nə etməliyik?

21 İsa davamçılarına məsləhət görürdü ki, mal-mülkü yox, Padşahlığı hər şeydən üstün tutsunlar və bunu əbəs yerə demirdi. Bu məsləhətə riayət etsək, ehtiyaclarımıza görə həddən artıq narahat olmayacağıq. Yehovaya tam etibar etsək, arzularımızın dalınca qaçmasaq və imkanımız çatsa belə, dünyanın təklif etdiyi hər şeyi almasaq, səmavi Atamıza daha da yaxın olacağıq. Gəlin bu gündən başlayaraq həyatımızı sadələşdirək. Bu, bizə tezliklə gerçək olacaq əsil həyatdan bərk-bərk yapışmağa kömək edəcək (1 Tim. 6:19).

^ [1] (12-ci abzas) Yehovanın bəzən məsihilərin qida sarıdan korluq çəkməyinə nəyə görə izin verdiyini bilmək istəyirsinizsə, «Gözətçi qülləsi» jurnalının 2014-cü il 15 sentyabr sayının 22-ci səhifəsində yerləşən «Oxucuların sualları» rubrikasına baxın.