Kontentə keç

Mündəricatı göstər

Allahın lütfü barəsindəki müjdəni təbliğ edin

Allahın lütfü barəsindəki müjdəni təbliğ edin

«Allahın lütfü barəsindəki müjdə haqqında ətraflı şəhadət [verin]» (HƏV. 20:24).

NƏĞMƏ: 10, 84

1, 2. Həvari Bulus lütfünə görə Allaha minnətdar olduğunu necə göstərmişdi?

HƏVARİ Bulus demişdi: «[Allahın] mənə göstərdiyi lütf əbəs deyildir». (1 Korinflilərə 15:9, 10 ayələrini oxuyun.) Bulus çox gözəl başa düşürdü ki, o, Allahın mərhəmətini nəinki qazanmamışdı, heç buna layiq də deyildi, çünki o, əvvəllər məsihiləri təqib edirdi.

2 Ömrünün sonuna yaxın Bulus əməkdaşı Timutiyə yazmışdı: «Mənə güc verən Ağamız Məsih İsaya minnətdaram, çünki o, məni sadiq bilərək mənə xidmət həvalə edib» (1 Tim. 1:12—14). Söhbət hansı xidmətdən gedir? Bulus Efes yığıncağının ağsaqqallarına bu xidmətin nədən ibarət olduğunu demişdi: «Mən qətiyyən özümü düşünmürəm, təki Allahın lütfü barəsindəki müjdə haqqında ətraflı şəhadət verib Ağamız İsanın mənə həvalə etdiyi xidməti başa çatdırım, yolumu başa vurum» (Həv. 20:24).

3. Bulusa hansı xüsusi xidmət tapşırılmışdı? (Məqalənin əvvəlindəki şəklə baxın.)

3 Bulus Allahın lütfü ilə bağlı olan hansı müjdəni təbliğ edirdi? O, Efesdəki məsihilərə demişdi: «Siz, şübhəsiz, eşitmisiniz ki, mənə Allahın lütfündən yararlanmağınız üçün sizə kömək etmək tapşırılıb» (Efes. 3:1, 2). Bulusa qeyri-yəhudilərə müjdə çatdırmaq tapşırığı verilmişdi. Bunun sayəsində onlar da Məsihin Padşahlığında hakimiyyət sürəcək kəslərin sırasında ola bilərdilər. (Efeslilərə 3:5—8 ayələrini oxuyun.) Bulus ona tapşırılan xidməti canla-başla yerinə yetirməklə bugünkü məsihilərə gözəl nümunə qoyub və sübut edib ki, Allahın ona göstərdiyi lütf əbəs deyildi.

ALLAHIN LÜTFÜ SİZİ XİDMƏTƏ TƏŞVİQ EDİRMİ?

4, 5. Nəyə görə demək olar ki, Padşahlıq haqqındakı müjdə və «Allahın lütfü barəsindəki müjdə» eyni müjdədir?

4 Yehovanın axırzamanda yaşayan xidmətçilərinə xalqların hamısına şəhadət olsun deyə, Padşahlıq haqqındakı müjdəni bütün yer üzündə təbliğ etmək tapşırılıb (Mət. 24:14). Padşahlıq haqqında müjdə həmçinin «Allahın lütfü barəsindəki müjdə»dir. Nəyə görə belə demək olar? Çünki məhz Allahın Məsih vasitəsilə göstərdiyi lütfün sayəsində Padşahlıq gələcəkdə insanlara gözəl nemətlər bəxş edəcək (Efes. 1:3). Bəs biz Bulusdan nümunə götürərək lütfünə görə Allaha minnətdar olduğumuzu göstəririk, xidmətdə can-dildən iştirak edirik? (Romalılara 1:14—16 ayələrini oxuyun.)

5 Ötən məqalədə öyrəndik ki, günahlı olsaq da, Allah müxtəlif yollarla bizə lütf göstərir. Buna görə də üzərimizə məsuliyyət düşür ki, var gücümüzlə çalışıb bütün insanlara Allahın məhəbbəti və bu məhəbbətin onların qarşısında açdığı imkanlar barədə danışaq. Biz insanlara Allahın lütfündən doğan hansı nemətləri qiymətləndirməyə kömək etməliyik?

FİDYƏ BARƏDƏ MÜJDƏNİ YAYIN

6, 7. Nəyə görə demək olar ki, insanlara fidyə barədə danışanda Allahın lütfü haqqında müjdəni yaymış oluruq?

6 Heç nəyə yox deməyən bu dünyada artıq günahlı hərəkətlərə günah kimi baxılmır. Buna görə də əksər insanlar fidyəyə ehtiyac duyduqlarını dərk etmirlər. Amma get-gedə çoxları görür ki, öz kefi üçün yaşamaq xoşbəxtlik gətirmir. Yehovanın Şahidləri ilə tanış olmazdan əvvəl çoxları günahın nə demək olduğunu, onun insana necə təsir etdiyini başa düşmürdülər və bilmirdilər, günahın köləliyindən necə çıxmaq olar. Səmimi insanlar biləndə ki, Allah böyük məhəbbətindən və lütfündən irəli gələrək insanları günah və ölümdən xilas etmək üçün Oğlunu yer üzünə göndərib qəlb rahatlığı tapırlar (1 Yəh. 4:9, 10).

7 Allahın sevimli Oğlu haqqında Bulus yazmışdı: «Biz Allahın lütfünün bolluğuna əsasən, Oğlunun qanı ilə ödənmiş fidyə vasitəsilə azadlığa, bəli, günahlarımızın əfvinə yetişmişik» (Efes. 1:7). Məsihin fidyə qurbanlığı Yehovanın bizə bəslədiyi məhəbbətin ən bariz nümunəsidir və Onun lütfünün bol olduğunu sübut edir. İnsan Məsihin tökülən qanına iman edəndə, günahları bağışlanır və vicdanı təmiz olur. Bunu biləndə insanın ürəyinə su səpilir! (İbr. 9:14). Bu cür gözəl xəbəri necə təbliğ etməyəsən?!

İNSANLARA ALLAHA YAXINLAŞMAĞA KÖMƏK EDİN

8. Nəyə görə insanlar Allahla barışmalıdırlar?

8 Biz insanlara çatdırmalıyıq ki, onların Yaradanla dost olmaq imkanı var. Nə qədər ki, insan Məsihin fidyə qurbanlığına iman gətirməyib, Allahın düşməni sayılır. Həvari Yəhya yazmışdı: «Oğula iman edən əbədi həyata qovuşacaq. Oğula itaət etməyənsə həyata qovuşmayacaq, Allahın qəzəbinə düçar olacaq» (Yəh. 3:36). Nə yaxşı ki, Məsihin qurbanlığı bizi Allahla barışdırır. Bulus demişdi: «Bir vaxtlar ağlınız pis işlərə meyilli olduğundan siz Allaha qarşı yadlaşmış və düşmən olmuşdunuz. İndi isə O, canını qurban vermiş Oğlunun ölümü vasitəsilə sizi Özü ilə barışdırdı» (Kol. 1:21, 22).

9, 10. a) İsa Məsih məsh olunmuş qardaşlarının üzərinə hansı məsuliyyəti qoyub? b) «Başqa qoyunlar» məsh olunmuş qardaşlarına necə kömək edirlər?

9 İsa Məsih yerdəki məsh olunmuş qardaşlarına «barışıq xidmətini» həvalə edib. Bulus birinci əsrdə yaşayan məsh olunmuş məsihilərə bu xidmətin məğzini izah edərək demişdi: «Hər şey Allahdandır. Allah Məsih vasitəsilə bizi Özü ilə barışdırdı və bizə barışıq xidmətini həvalə etdi, yəni Allah bəşəriyyətin günahlarının hesabını tutmadan Məsih vasitəsilə dünyanı Özü ilə barışdırdı. Bu barışıq xəbərini də bizə həvalə etdi. Beləliklə, biz Məsihin adından xidmət edən səfirlərik. Sanki, Allah bizim vasitəmizlə insanlardan rica edir. Biz Məsihin adından yalvarırıq: “Allahla barışın”» (2 Kor. 5:18—20).

10 «Başqa qoyunlar» məsh olunmuş qardaşları ilə çiyin-çiyinə bu xidmətdə iştirak etməyi özlərinə şərəf bilirlər (Yəh. 10:16). Bu xidmətin əsas hissəsini Məsihin elçiləri olan bu insanlar həyata keçirirlər: insanlara həqiqəti öyrədir və Yehova Allahla dostluq münasibəti qurmağa kömək edirlər. Bu, Allahın lütfü haqqındakı müjdəni təbliğ etmək işinin ayrılmaz hissəsidir.

QOY HAMI BİLSİN Kİ, YEHOVA DUALARI EŞİDƏN ALLAHDIR

11, 12. Nəyə görə demək olar ki, Allahın duaları eşitməsi insanlar üçün xoş xəbərdir?

11 Bir çox insan sadəcə rahatlıq tapmaq üçün dua edir, əslində isə Allahın onların duasını eşitdiyinə inanmırlar. Onlar bilməlidir ki, Yehova «duaları eşidən» Allahdır. Davud peyğəmbər yazmışdı: «Ey duaları eşidən, hər cür insan hüzuruna gələcək. Günahlarım məni üstələdi. Lakin Sən təqsirlərimizi əfv edirsən» (Zəb. 65:2, 3).

12 İsa Məsih şagirdlərinə demişdi: «Mənim adımla nə isə diləsəniz, yerinə yetirəcəyəm» (Yəh. 14:14). Təbii ki, «nə isə» deyəndə Yehovanın iradəsinə uyğun şeylər nəzərdə tutulur. Həvari Yəhyanın növbəti sözləri bizə əminlik verir: «Allahın önündə əminliyimiz budur: Onun iradəsinə müvafiq nə diləyiriksə, O eşidir» (1 Yəh. 5:14). İnsanlara duanın sadəcə rahatlıq gətirmədiyini, həm də insana «Allahın lütf taxtına» yaxınlaşmağa imkan verdiyini öyrətmək bizə məmnunluq gətirir (İbr. 4:16). Onlara öyrətməliyik ki, düzgün şəkildə, münasib şeylər barədə və həqiqi Allaha dua etsinlər. Bunun sayəsində onlar Yehovaya yaxınlaşar və çətin anlarında rahatlıq taparlar (Zəb. 4:1; 145:18).

YENİ DÜNYA VƏ ALLAHIN LÜTFÜ

13, 14. a) Məsh olunmuş məsihilər gələcəkdə hansı şərəfə layiq görüləcəklər? b) Məsh olunmuş məsihilər bəşəriyyət üçün nə edəcəklər?

13 Yehova yalnız Armageddona kimi insanlara lütf göstərməyəcək. Məsihlə birgə səmavi Padşahlıqda hakimiyyət sürmək üçün seçilmiş 144 000 nəfərə Allahın nəsib etdiyi şərəflə bağlı Bulus yazmışdı: «Mərhəməti bol olan Allah bizə duyduğu böyük məhəbbətinə görə biz hələ təqsirlərimizdə ölü ikən, bizi Məsihlə birlikdə həyata qaytardı. (Bəli, siz lütf sayəsində xilas oldunuz.) Üstəlik, Məsih İsa ilə vəhdətdə olan bizləri onunla birlikdə diriltdi və göylərdə oturtdu ki, gələcəkdə lütfünün misilsiz zənginliyini Məsih İsa ilə vəhdətdə olan bizlərə səxavətlə nümayiş etdirsin» (Efes. 2:4—7).

14 Məsh olunmuş məsihilər göydə Məsihlə birgə taxtda oturanda Yehovanın onlara nələr bəxş edəcəyini ağlımıza belə gətirə bilmərik (Luka 22:28—30; Filip. 3:20, 21; 1 Yəh. 3:2). Yehova «lütfünün misilsiz zənginliyini» onlara xüsusi şəkildə nümayiş etdirəcək. «Yeni Yerusəlim», yəni Məsihin nişanlısı bu insanlardan ibarətdir (Vəhy 3:12; 17:14; 21:2, 9, 10). Onlar xalqların şəfa tapması üçün Məsihlə birgə itaətkar insanları günah və ölümün buxovundan azad edəcək, onları kamilliyə qovuşduracaqlar. (Vəhy 22:1, 2, 17 ayələrini oxuyun.)

15, 16. Yehova «başqa qoyunlar»a gələcəkdə necə lütf göstərəcək?

15 Efeslilərə 2:7 ayəsində deyilir ki, Allah gələcəkdə də insanlara lütf göstərəcək. Həmin vaxt yer üzündə yaşayan hər bir kəs Allahın «lütfünün misilsiz zənginliyini»n şahidi olacaq (Luka 18:29, 30). Yehova Allahın lütfündən doğan möhtəşəm ənamlardan biri ölülərin dirilməsi olacaq (Əyy. 14:13—15; Yəh. 5:28, 29). Həm İsa Məsih həyatını qurban verməzdən əvvəl yaşamış mömin insanlar, həm də axırzamanda vəfat etmiş «başqa qoyunlara» aid insanlar dirilib yenidən Yehovaya ibadət edəcəklər.

16 Allahı tanımaq imkanı olmadan bu həyata gözünü yummuş milyonlarla insan da dirilib həyata qovuşacaq. Onlara Yehovanın hakimiyyətinə tabe olmaq seçimi veriləcək. Yəhya yazmışdı: «Mən... taxtın önündə durmuş ölüləri — böyükləri və kiçikləri gördüm. Tumarlar açılmışdı. Başqa bir tumar da açıldı, bu tumar həyat kitabıdır. Ölülər tumarlarda yazılmış əməllərinə müvafiq mühakimə edildi. Dəniz onda olan ölüləri qaytardı, ölüm və Məzar da onlarda olan ölüləri qaytardılar və hər biri öz əməllərinə görə mühakimə edildi» (Vəhy 20:12, 13). Təbii ki, dirilənlərdən Allahın Müqəddəs Kitabda qələmə alınmış prinsiplərinə uyğun yaşamaq tələb olunacaq. Bundan əlavə, onlar Yehovanın yeni dünyada yaşamaq istəyənlər üçün «tumarlarda» verdiyi yeni tələblərə də əməl etməli olacaqlar. Bu yeni tələblər də Yehovanın müxtəlif yollarla ifadə olunan lütfünün daha bir təzahürü olacaq.

XOŞ XƏBƏRİ DURMADAN TƏBLİĞ EDİN

17. Təbliğ edəndə nəyi yadda saxlamalıyıq?

17 Sona çox az qaldığı üçün Padşahlıq haqdakı müjdəni təbliğ etmək hələ bu dərəcədə təcili olmamışdı! (Mark 13:10). Sözsüz ki, bu müjdə Allahın lütfündən xəbər verir. Biz şahidlik verəndə bunu yadda saxlamalıyıq. Təbliğ etməkdə məqsədimiz Yehovaya şərəf gətirməkdir. Bunun üçün biz xidmətdə Yehovanın vəd etdiyi nemətlərin Onun lütfünün təzahürü olduğunu vurğulamalıyıq.

«Allahın... lütfünün nümunəvi nökərbaşısı kimi» canla-başla xidmət edin (1 But. 4:10) (17—19 abzaslara baxın)

18, 19. Yehovanı lütfkar Allah kimi necə ucalda bilərik?

18 Şahidlik verəndə insanlara izah etməliyik ki, Məsihin hakimiyyəti altında yaşayanda insanlar fidyə qurbanlığının xeyrini tam şəkildə dadacaqlar və tədricən kamilliyə yetişəcəklər. Müqəddəs Kitabda yazılıb: «Xilqət çürüklük əsarətindən qurtulub Allahın övladlarının şanlı azadlığına» qovuşacaq (Rom. 8:21). Bu, yalnız və yalnız Yehovanın misilsiz lütfü sayəsində mümkün olacaq.

19 Bizə bütün insanlara Vəhy 21:4, 5 ayələrində yazılmış möhtəşəm xəbəri çatdırmaq şərəfi verilib: «[Allah] onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi». Sonra taxtda oturan Yehova Allah deyir: «Budur, Mən hər şeyi təzə edirəm». Sonra əlavə edir: «Yaz, çünki bu sözlər doğru və etibarlıdır». Biz xoş xəbəri şövqlə təbliğ edəndə Yehovanı lütfkar Allah kimi ucaldırıq.