Kontentə keç

Mündəricatı göstər

Fidyə. Allahdan nazil olan «kamil nemət»

Fidyə. Allahdan nazil olan «kamil nemət»

«Hər bir gözəl pay və hər bir kamil nemət [Atadan] nazil olur» (YAQ. 1:17).

NƏĞMƏ: 148, 109

1. Fidyə hansı nemətlərə yol açıb?

İSA MƏSİHİN fidyə qurbanlığı çoxlu nemətlərə yol açıb. Fidyə sayəsində Adəmin salehlik tərəfdarı olan övladlarının bir gün Allahın ailəsinin üzvü olmaq imkanı var. Fidyə həmçinin qarşımızda əbədi və xoşbəxt həyata qapı açıb. Ancaq Məsihin fidyə qurbanlığının gətirdiyi nemət sadəcə bəşəriyyətə gözəl gələcək vədi ilə bitmir. Məsihin öz həyatını könüllü şəkildə qurban verməsi göydə və yerdə olan şüurlu varlıqlar üçün böyük əhəmiyyət kəsb edən vacib bir məsələ ilə sıx bağlıdır (İbr. 1:8, 9).

2. a) İsa duasında hansı vacib mövzulara toxunmuşdu? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Bu məqalədə hansı mövzu müzakirə olunacaq?

2 Ölümündən və həyatını fidyə olaraq qurban verməzdən təxminən iki il əvvəl İsa Məsih şagirdlərinə növbəti sözlərlə dua etməyi öyrətmişdi: «Göylərdə olan Atamız, qoy adın müqəddəs tutulsun. Qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin» (Mət. 6:9, 10). Gəlin görək fidyə Allahın adının müqəddəs tutulması, Onun Padşahlığı və niyyətinin yerinə yetməsi ilə necə bağlıdır. Bu müzakirə fidyəyə görə minnətdarlığımızı daha da artıracaq.

«QOY ADIN MÜQƏDDƏS TUTULSUN»

3. Allahın adı özündə nəyi əks etdirir və Şeytan Allahın adına necə böhtan atdı?

3 İsa Məsih nümunə üçün duasında ilk növbədə Allahın adının müqəddəs tutulması barədə söz açmışdı. Allahın adı Onun nə qədər uca, əzəmətli və müqəddəs Allah olduğunu tam şəkildə əks etdirir. Başqa bir duasında İsa Yehova Allaha «müqəddəs Atam» deyə müraciət etmişdi (Yəh. 17:11). Yehova müqəddəs olduğu üçün Onun təsis etdiyi bütün qanun və prinsiplər də müqəddəsdir. Şeytan isə Ədən bağında Allahın insanlar üçün qanun qoymaq hüququnu fitnəkarcasına şübhə altına aldı. Şeytan Yehovaya qarşı yalan ittihamlar irəli sürərək Onun müqəddəs adına böhtan atdı (Yar. 3:1—5).

4. İsa Məsih Allahın adını müqəddəs tutmaq üçün nə etmişdi?

4 Amma İsa üçün Allahın adı çox əziz idi (Yəh. 17:25, 26). O, Allahın adını müqəddəs tutmaq üçün var gücü ilə çalışırdı. (Zəbur 40:8—10 ayələrini oxuyun.) Yerdə yaşadığı həyatı ilə İsa sübut etmişdi ki, Allah-Taalanın şüurlu varlıqlar üçün qanun və qaydalar qoymağa tam haqqı çatır. İsa Məsih Şeytanın fitnəsi ilə iztirablı ölümə məruz qalsa da, Atasına axıradək sadiq qaldı. Öz sədaqəti ilə İsa isbat etdi ki, kamil insan Allahın adil qanunlarına mükəmməl şəkildə tabe ola bilər.

5. Allahın adını müqəddəs tutduğumuzu necə göstərə bilərik?

5 Bəs biz Allahın adını əziz tutduğumuzu necə göstərə bilərik? Öz davranışımızla. Yehova Allah bizdən müqəddəslik tələb edir. (1 Butrus 1:15, 16 ayələrini oxuyun.) Müqəddəs olmaq o deməkdir ki, insan yalnız və yalnız Yehova Allaha ibadət etməli və Ona sidqi-ürəkdən tabe olmalıdır, təqiblərə məruz qalanda belə, var gücü ilə çalışıb Onun adil qanun və prinsiplərinə sadiq qalmalıdır. Biz saleh işlər görəndə nurumuz parlayır və Yehova Allahın adı şərəflənir (Mət. 5:14—16). Müqəddəs olmaqla, yəni öz həyat tərzimizlə Yehova Allahın qanunlarının adil olduğunu və Şeytanın ittihamlarının əsassız olduğunu sübut edirik. Təbii ki, biz kamil deyilik, hamı kimi, biz də səhvlər edirik. Amma səhv edəndə biz ürəkdən tövbə edir və Yehovanın adına ləkə gətirən əməlləri tərgitməyə çalışırıq (Zəb. 79:9).

6. Qeyri-kamil olsaq da, Yehova nəyin əsasında bizi saleh sayır?

6 İsa Məsihin fidyə qurbanlığı əsasında Yehova Allah bu qurbanlığa iman edənlərin günahlarını bağışlayır. Allah həyatını Ona həsr edən insanlara Öz xidmətçisi olmağa izin verir. Yehova məsh olunmuş məsihiləri oğlu, yerdə yaşamağa ümid edən məsihiləri isə saleh dostu adlandırır (Yəh. 10:16; Rom. 5:1, 2; Yaq. 2:21—25). Beləcə, fidyə artıq bu gündən bizə Allahın gözündə saleh olmağa və onun adını müqəddəs tutmağa imkan verir.

«QOY PADŞAHLIĞIN GƏLSİN»

7. Padşahlıq fidyə sayəsində Allahın xidmətçilərinə hansı nemətləri bəxş edəcək?

7 İsa Məsih nümunə üçün duasında Allaha növbəti xahişlə müraciət etmişdi: «Qoy Padşahlığın gəlsin». Bəs fidyə Allahın Padşahlığı ilə necə bağlıdır? Fidyə 144 000 nəfər məsh olunmuşun Məsihlə birgə səmavi Padşahlıqda kahin və padşah qismində xidmət etməsi üçün yol açıb (Vəhy 5:9, 10; 14:1). Allahın Padşahlığını təmsil edən İsa Məsih və onun hakimiyyət şərikləri fidyənin bəxş etdiyi nemətləri min il ərzində itaətkar bəşəriyyətə ərməğan edəcəklər. Dünya cənnətə dönəcək, bütün saleh insanlar kamilliyə yetişəcək və bunun sayəsində Allahın yerdə və göydə yaşayan xidmətçiləri birləşib bir ailə olacaq (Vəhy 5:13; 20:6). İsa Şeytanın başını əzəcək və onun vurduğu bütün zərəri aradan qaldıracaq (Yar. 3:15).

8. a) İsa şagirdlərinə Allahın Padşahlığının əhəmiyyətini başa düşməyə necə kömək etmişdi? b) Biz Padşahlığın tərəfini tutduğumuzu necə göstərə bilərik?

8 Yerdə yaşadığı müddətdə İsa şagirdlərinə Allahın Padşahlığının əhəmiyyətini başa düşməyə kömək etmişdi. Vəftiz olandan dərhal sonra İsa «Allahın Padşahlığı haqqında müjdəni» hər yanda car çəkməyə başladı (Luka 4:43). Göyə qalxmazdan öncə İsa Məsihin şagirdlərinə son tapşırığı bu olmuşdu: «Yerin ucqarlarınadək mənim şahidim olacaqsınız» (Həv. 1:6—8). Bizim təbliğ fəaliyyətimiz sayəsində bütün dünyada insanların qarşısında fidyə barədə məlumat almaq və Allahın Padşahlığının təbəəsi olmaq imkanı açılır. Məsih qardaşlarına Padşahlıq haqqındakı müjdəni bütün dünyada təbliğ etməyi buyurub. Biz bu işdə onlara kömək etməklə Padşahlığın tərəfini tutduğumuzu göstəririk (Mət. 24:14; 25:40).

«QOY SƏNİN İRADƏN... YERİNƏ YETSİN»

9. Nəyə əsasən əmin ola bilərik ki, Yehova bəşəriyyətə dair niyyətini mütləq yerinə yetirəcək?

9 İsa duasında «qoy Sənin iradən... yerinə yetsin» deyəndə nəyi nəzərdə tuturdu? Yehova Allah hər şeyin yaradanıdır. O, nəyə «ol» deyirsə, olur (Əşy. 55:11). Allah heç vaxt izin verməz ki, Şeytan Onun bəşəriyyətlə bağlı niyyətini yarıda qoysun. Yehova Allahın əzəli niyyəti o idi ki, bütün Yer kürəsini Adəmlə Həvvanın kamil övladları bürüsün (Yar. 1:28). Adəmlə Həvva dünyaya uşaq gətirməmiş ölsəydi, Allahın bu niyyəti yerinə yetməyəcəkdi. Bu səbəbdən onlar günah etsə də, Allah onlara dünyaya övlad gətirməyə izin verdi. Yehova fidyəyə iman edən hər kəsə kamilliyə yetişməyə və əbədi yaşamağa imkan yaradır. Yehova Allah insanları çox sevir və istəyir ki, Ona itaət edən hər kəs Onun niyyət etdiyi kimi yaşasın.

10. Ölən insanlar üçün fidyə sayəsində hansı imkan yaranacaq?

10 Bəs Yehova haqda öyrənmək və Ona xidmət etmək imkanı olmadan həyatdan köçən milyardlarla insan barədə nə demək olar? Ölən insanlar fidyə sayəsində yenidən həyata qayıdacaqlar. Səmavi Atamız Yehova onları dirildərək Onun niyyəti haqqında öyrənmək və əbədi həyatı qazanmaq imkanı verəcək (Həv. 24:15). Allahımız Yehova insanların ölməsini yox, yaşamasını istəyir. Həyat mənbəyi olan Yehova diriltdiyi bütün insanların Atası olur (Zəb. 36:9). Buna görə də İsa Məsihin buyurduğu kimi Allaha «göylərdə olan Atamız» deyə əl açıb dua etməyimiz yerindədir (Mət. 6:9). Yehova İsaya insanları diriltmək səlahiyyəti verib (Yəh. 6:40, 44). İsa demişdi: «Dirilmə və həyat mənəm». Cənnətdə o, bunu sübut edəcək (Yəh. 11:25).

11. Allahın böyük izdihamla bağlı niyyəti nədir?

11 Yehova Allah səxavətini yalnız bir neçə say-seçmə insana göstərmir. Məsih demişdi: «Allahın iradəsini yerinə yetirən mənim qardaşım, bacım və anamdır» (Mark 3:35). Yehova istəyir ki, «hər xalqa, hər tayfaya, hər ümmətə və hər dilə mənsub adamlardan ibarət... böyük bir izdiham» Onun xidmətçisi olsun. Məsihin fidyə qurbanlığına iman gətirən və Allahın iradəsini yerinə yetirən hər kəs «xilasımıza görə taxtda oturan Allahımıza və Quzuya borcluyuq» sözlərini ucadan deyən adamların arasında olacaq (Vəhy 7:9, 10).

12. Allahın bəşəriyyət üçün olan niyyəti İsanın duasında öz əksini necə tapır?

12 İsa Məsihin etdiyi duada Allahın itaətkar bəşəriyyət üçün olan niyyəti öz əksini tapır. Bu duaya uyğun olaraq, biz Yehova Allahın adını müqəddəs tutmaq üçün var gücümüzlə çalışmalıyıq (Əşy. 8:13). İsa Məsihin adının mənası «Yehova xilasdır» deməkdir. Buna görə də bizim fidyə vasitəsilə xilas olmağımız Yehovanın adına izzət və şərəf gətirir. Allah Öz Padşahlığı vasitəsilə itaətkar bəşəriyyətə fidyənin gətirdiyi faydaları tətbiq edəcək. Nümunə üçün dua bizi əmin edir ki, heç nə Allaha iradəsini yerinə yetirməyə mane ola bilməz (Zəb. 135:6; Əşy. 46:9, 10).

FİDYƏYƏ GÖRƏ ALLAHA MİNNƏTDARIQ

13. Vəftiz olunmaqla biz nəyi göstərmiş oluruq?

13 Fidyəyə görə Allaha minnətdarlığımızı necə bildirmək olar? Bunun vacib üsullarından biri fidyəyə imandan irəli gələrək özümüzü Allaha həsr etmək və vəftiz olunmaqdır. Vəftiz olunmaq insanın Yehovaya məxsus olduğunu göstərir (Rom. 14:8). Bununla biz, sanki, Allahdan təmiz vicdan diləyirik (1 But. 3:21). Yehova Məsihin fidyə qurbanlığı əsasında günahlarımızı bağışlamaqla bu diləyimizə cavab verir. Buna görə də tam əmin ki, Allah verdiyi bütün vədləri mütləq gerçəkləşdirəcək (Rom. 8:32).

Fidyəyə görə minnətdar olduğumuzu necə bildirə bilərik? (13 və 14-cü abzaslara baxın)

14. Nəyə görə Yehova Öz xidmətçilərinə insanları sevməyi buyurur?

14 İkinci üsul hamıya məhəbbət göstərməkdir. Yehova Allah hər şeyi məhəbbətdən irəli gələrək etdiyi üçün istəyir ki, məhəbbət Onun xidmətçilərinin ən qabarıq xüsusiyyəti olsun (1 Yəh. 4:8—11). İnsanları sevməklə göstəririk ki, göydəki Atamızın övladları olmaq istəyirik (Mət. 5:43—48). İnsanları sevmək əmri «Allahın Yehovanı... sev» əmrindən sonra ən vacib əmrdir (Mət. 22:37—40). İnsanlara məhəbbət göstərməyin yollarından biri onlara Allahın Padşahlığı haqqında xoş xəbəri çatdırmaqdır. Məhəbbət göstərməklə biz Allahın calalını əks etdirmiş oluruq. İnsanları, xüsusilə də iman bacı-qardaşlarımızı sevmək əmrinə riayət edəndə «Onun məhəbbəti bizdə kamilliyə yetişir» (1 Yəh. 4:12, 20).

FİDYƏ SAYƏSİNDƏ «YEHOVADAN TƏRAVƏT MÖVSÜMÜ» GƏLİR

15. a) Yehova indi bizə hansı nemətləri verir? b) Gələcəkdə bizi hansı nemətlər gözləyir?

15 Biz Məsihin fidyə qurbanlığına iman gətirəndə Allahın əfv qapısı üzümüzə taybatay açılır. Allahın Kəlamı bizi əmin edir ki, günahlarımızın bağışlanması mümkündür. (Həvarilərin işləri 3:19—21 ayələrini oxuyun.) Yuxarıda qeyd etdiyimiz kimi, Yehova fidyə sayəsində məsh olunmuş məsihiləri oğulluğa götürür (Rom. 8:15—17). Yerüzü cənnətdə yaşamaq ümidi olan bizlərə gəldikdə isə, sanki, Yehovanın əlində hər birimizi gələcəkdə övladlığa götürəcəyinə dair zəmanət sənədi var. Biz kamilliyə yetişəndən və sonuncu sınaqdan alnıaçıq çıxandan sonra Yehova həmin sənədi böyük məmnuniyyətlə imzalayacaq və biz Onun sevimli övladları olacağıq (Rom. 8:20, 21; Vəhy 20:7—9). Yehovanın övladlarına bəslədiyi məhəbbət heç vaxt tükənmədiyi üçün, fidyənin gətirdiyi nemətlər də tükənməyəcək (İbr. 9:12). Yehovanın bu hədiyyəsi öz dəyərini əsla itirməyəcək və heç kəs onu bizim əlimizdən ala bilməyəcək.

16. Fidyə bizi nədən azad edir?

16 Səmimi qəlbdən tövbə edən kəslər bir gün Yehova Allahın ailəsinin üzvü olacaq, Şeytan buna heç cür mane ola bilməz. İsa Məsih həyatını birdəfəlik qurban verdi, buna görə də başqa bir qurbana ehtiyac yoxdur (İbr. 9:24—26). Bu qurbanlığın sayəsində Adəmin ucbatından bütün bəşəriyyətə çıxarılan hökm ləğv olundu. Biz artıq Şeytanın idarə etdiyi bu dünyanın qulu deyilik və ölüm qorxusundan azadıq (İbr. 2:14, 15).

17. Allahın məhəbbəti şəxsən sizi nəyə təşviq edir?

17 Yehova həmişə verdiyi vədləri yerinə yetirir. Təbiət qanunları heç vaxt dəyişmədiyi kimi, Yehovanın bizə verdiyi vədlər də dəyişmir, çünki Yehova dəyişməyən Allahdır (Məl. 3:6). O, bizə təkcə həyat yox, həm də Öz məhəbbətini bəxş edir. Müqəddəs Kitabda deyilir: «Biz... Allah sevgisini tanımışıq və bu məhəbbətə inanmışıq. Allah məhəbbətdir» (1 Yəh. 4:16). Yer kürəsi cənnət olacaq və hər kəs Allahın məhəbbətini əks etdirəcək. Gəlin biz də növbəti sözləri deyən sadiq mələklərə qoşulaq: «Alqış, calal, hikmət, şükran, şərəf, qüdrət və güc əbədiyyət boyu Allahımızın olsun! Amin!» (Vəhy 7:12).