Kontentə keç

Mündəricatı göstər

«Bütün dünyanın Hakimi ədalətsiz davrana bilməz»

«Bütün dünyanın Hakimi ədalətsiz davrana bilməz»

«Qayadır O, hər işi mükəmməl, bütün yolları haqq» (QAN. 32:4).

NƏĞMƏ: 2, 89

1. İbrahim peyğəmbər Yehovanın həmişə ədalətlə davrandığına əminliyini necə ifadə etmişdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

«BÜTÜN dünyanın Hakimi ədalətsiz davrana bilməz» (Yar. 18:25). Bu sözlərdən görünür ki, İbrahim peyğəmbər Yehovanın Sədum və Əmurə şəhərlərinə ədalətli hökm çıxaracağına zərrə qədər də şübhə etmirdi. İbrahim peyğəmbər əmin idi ki, Yehova Allah saleh adamı şər adamla bir yerdə məhv etməz. Onun fikrincə, Yehovanın bunu etməsi qeyri-mümkün idi. Təxminən 400 il sonra Yehova Allah Özü haqqında Musa peyğəmbərə demişdi: «Qayadır O, hər işi mükəmməl, bütün yolları haqq, nahaq iş görməyən etibarlı Allah. Adildir, haqdır O» (Qan. 31:19; 32:4).

2. Nəyə görə deyə bilərik ki, Yehova Allahın haqsızlıq etməsi qeyri-mümkündür?

2 Nəyə əsasən deyə bilərik ki, Yehova Allahın haqsızlıq etməsi qeyri-mümkündür? Çünki O, haqq-ədalət sahibidir. Yehova adil qanunların mənbəyi olduğu üçün hər bir məsələyə ədalətlə yanaşır. Həmçinin Onun Kəlamında deyildiyi kimi «Yehova salehliyi, ədaləti sevir» (Zəb. 33:5).

3. Dünyada insanlar hansı haqsızlıqla üzləşir? Nümunə çəkin.

3 Haqsızlığa qərq olmuş bu dünyada yaşayan səmimi-qəlbli insanlar Yehovanın həmişə ədalətlə davrandığını biləndə toxtaqlıq tapırlar. Çünki insanlar hərdən haqsızlığın qurbanı olurlar. Misal üçün, bəziləri haqsız ittiham olunaraq həbs edilib. Törətmədikləri cinayətə görə uzun illər həbsdə yatanlardan bəziləri yalnız DNT analizindən sonra günahsız bilinərək azadlığa buraxılıb. Bu cür haqsızlıqla üzləşən insan məyusluğa qapıla, hətta nifrətlə alışıb-yana bilər. Biz məsihilər isə bəzən elə bir vəziyyətlərlə qarşılaşa bilərik ki, ona tab gətirmək daha çətin olur.

YIĞINCAQ DAXİLİNDƏ ƏDALƏTSİZLİK

4. Məsihinin imanı nə vaxt sınana bilər?

4 İmanımıza şərik olmayan insanlar bizə qarşı haqsızlıq edəndə təəccüblənmirik. Amma bacı-qardaşlardan belə münasibət görəndə imanımız sınağa çəkilə bilər. Hərdən bizə elə gələ bilər ki, kiməsə və ya bizə qarşı haqsızlıq edilib. Belə vəziyyətlə qarşılaşsanız, nə edəcəksiniz, inciyib imanda zəifləyəcəksiniz?

5. Məsihilər arasında da haqsızlığın olması nə üçün təəccüblü deyil?

5 Hamımız qeyri-kamil və günaha meyilliyik. Buna görə də ya biz dindaşımıza qarşı haqsızlıq edirik, ya da o bizə (1 Yəh. 1:8). Düzdür, bu kimi hallar tez-tez olmur, amma olanda sadiq məsihilər bunları təəccüblə qarşılamır, yaxud bunun Yehova ilə münasibətlərinə xələl gətirməsinə yol vermirlər. Allahın Kəlamında hətta dindaşlarımız tərəfindən haqsızlıq görəndə sədaqətimizi qorumağa kömək edən praktiki məsləhətlər var (Zəb. 55:12—14).

6, 7. Bir qardaş hansı haqsız münasibətlə üzləşmişdi və ona tab gətirməyə hansı xüsusiyyətlər kömək etmişdi?

6 Gəlin Villi Dill qardaşın başına gələn hadisəni nəzərdən keçirək. Dill qardaş 1931-ci ildən etibarən Bern şəhərindəki (İsveçrə) filialda xidmət edirdi. O, 1946-cı ildə Gilad Məktəbinin (Nyu-York, ABŞ) 8-ci sinfini bitirdi. Məktəbdən sonra o, İsveçrəyə rayon nəzarətçisi təyin olundu. Dill qardaş deyir: «1949-cu ilin mayında Berndəki filiala evlənməyə hazırlaşdığımı bildirdim». Filialdan belə cavab gəldi: «Sənə öncüllükdən başqa heç bir məsuliyyət verilməyəcək». Dill qardaş sözünə davam edir: «Mən çıxış da edə bilməzdim... Çoxları bizimlə elə davranırdılar ki, elə bil, yığıncaqdan kənar olunmuşduq, bizə heç salam da vermirdilər».

7 Bəs Dill qardaş nə etdi? O deyir: «Biz bilirdik ki, Müqəddəs Kitab evlənməyi qadağan etmir. Buna görə də dua edib bu məsələni Yehovanın öhdəsinə buraxdıq». Bir müddət sonra qardaşların nikaha münasibəti dəyişdi və ədalət bərqərar oldu. Sədaqətinə görə Yehova Dill qardaşı mükafatsız qoymadı. Ona yenidən əvvəlki məsuliyyətlər həvalə olundu *. Özünüzdən soruşun: «Bu cür haqsızlıqla üzləşsəydim, mən nə edərdim, Dill qardaş kimi məsələni Yehovanın öhdəsinə buraxardım, yoxsa özüm həll etməyə çalışardım?» (Məs. 11:2; Mikə 7:7 ayəsini oxuyun).

8. Nəyə görə hərdən haqsızlıq məsələsində yanıla bilərik?

8 Bir şeyi yaddan çıxarmayın: hərdən biz yanıla bilərik, səhvən düşünə bilərik ki, bizə və ya dindaşımıza qarşı haqsızlıq edilib. Ola bilsin, bütün faktlardan agah deyilik, yaxud qeyri-kamil olduğumuz üçün məsələyə düzgün yanaşmırıq. Haqlı olsaq da, yanılsaq da, dua edib Yehovaya güvənsək və Ona sadiq qalsaq, Yehovaya qəzəblənməyəcəyik. (Məsəllər 19:3 ayəsini oxuyun.)

9. Bu və növbəti məqalədə nə barədə danışılacaq?

9 Qədimdə də Yehova Allaha ibadət edən insanların arasında haqsızlığa yol verilirdi. Bununla bağlı üç nümunəni nəzərdən keçirmək olar. Bu məqalədə İbrahim peyğəmbərin nəticəsi Yusifin qardaşlarına görə məruz qaldığı bəlalardan danışılacaq. Növbəti məqalədə isə Yehovanın İsrail padşahı Əhəblə rəftarı barədə və həvari Butrusun Suriya Antakyasında etdiyi səhvdən söhbət açılacaq. Bu nümunələrdən özünüzə nəticə çıxarmağa çalışın, görün Yehovaya xidmət etmək qətiyyətinizi və Onunla münasibətinizi qorumağa sizə nə kömək edə bilər. Haqsız münasibətə məruz qaldığınızı düşünürsünüzsə, bu nümunələr sizə xüsusilə faydalı olacaq.

HAQSIZLIĞIN QURBANI OLAN YUSİF

10, 11. a) Yusif hansı haqsızlıqlarla üzləşmişdi? b) Yusif həbsdə olanda hansı fürsət yarandı?

10 Bacı-qardaşlar tərəfindən haqsız münasibət görən məsihilər Yusifin başına gələnlərdən çox şey öyrənə bilərlər. Yehovanın sadiq xidmətçisi Yusifə haqsızlıq edən təkcə yadlar deyildi, qanı-qanından olan qardaşları da ona qarşı böyük ədalətsizlik etmişdilər. Bu isə insan üçün ən ağır zərbədir. Yusif yeniyetmə olanda qardaşları onu qul kimi satır. Beləcə, o, gəlib Misirə çıxır (Yar. 37:23—28; 42:21). Bu qərib diyara gələndən bir müddət sonra böhtanın qurbanı olub zindana düşür (Yar. 39:17—20). Yusif 13 il qul və məhbus həyatı yaşayır.

11 Yusif həbsdə olanda padşahın baş saqisi də zindana atılır. Bir gecə saqi yuxu görür. Yusif onun yuxusunu yozub deyir ki, o, zindandan çıxacaq və yenidən fironun saqisi olacaq. Yusif bunu bir fürsət bilib başına gələnləri ona danışır. Burada maraqlı məqam odur ki, biz yalnız Yusifin danışdıqlarından deyil, susduğu məqamlardan da nəticə çıxara bilərik (Yar. 40:5—13).

12, 13. a) Nədən görünür ki, Yusif həyatı ilə barışıb əlini yanına salmamışdı? b) Yusif saqi ilə danışanda nəyi deməmişdi?

12 Yaradılış 40:14, 15 ayələrini oxuyun. Fikir verdinizsə, Yusif onu oğurladıqlarını deyir. Bəli, Yusif haqsızlığın qurbanı olmuşdu. O həmçinin qeyd etmişdi ki, onu nahaqdan zindana atıblar. Buna görə də o, saqidən xahiş etmişdi ki, onun haqqında firona danışıb onu oradan çıxartdırsın.

13 Yusif həyatı ilə barışıb əlini yanına salmamışdı. O, haqsız rəftara məruz qaldığına əmin idi. Həmçinin o bilirdi ki, saqi ona kömək edə bilər, buna görə də məsələni ona danışdı. Lakin Müqəddəs Kitabın heç bir yerində yazılmayıb ki, Yusif kiməsə onu qardaşlarının oğurladığını demişdi. O, bu barədə firona belə danışmamışdı. Növbəti hadisə bunu təsdiq edir: Yusifin qardaşları Misirə gəlib onunla barışandan sonra firon onları xoş qarşıladı, onlara Misirə köçməyi və oranın ən yaxşı nemətlərini təklif etdi (Yar. 45:16—20).

Kiminsə haqqında mənfi şeylər danışmaq vəziyyəti gərginləşdirir (14-cü abzasa baxın)

14. Bacı-qardaşlar tərəfindən haqsız münasibət görəndə belə, bizə onlar haqqında mənfi danışmamağa nə kömək edər?

14 Haqsızlıqla üzləşdiyini düşünən məsihi ehtiyatlı olmalıdır ki, bu söhbəti yaymasın. Təbii ki, əgər yığıncaq üzvlərindən kimsə sizə qarşı ciddi günah işlədibsə, kömək üçün ağsaqqallara yaxınlaşmaq və məsələni onlara danışmaq lazımdır (Lav. 5:1). Lakin heç bir günaha yol verilməyibsə, bu zaman məsələyə heç kimi, hətta ağsaqqalları da qatmadan iki nəfər öz arasında həll edə bilər. (Mətta 5:23, 24; 18:15 ayələrini oxuyun.) Gəlin belə vəziyyətləri Müqəddəs Kitab prinsiplərinin köməyi ilə həll edək. Bəzən məsihi sonradan yanıldığını, əslində, ona qarşı haqsızlıq olunmadığını başa düşür. Onda o, dindaşı haqqında mənfi danışaraq məsələni şişirtmədiyi üçün sevinir. Yadda saxlamalıyıq ki, haqlı da olsaq, haqsız da, kiminsə pisinə danışmaq məsələni həll etmir. Yehovaya və bacı-qardaşlara sədaqət bizi bu səhv addımdan saxlaya bilər. Məzmurçu yazmışdı ki, kamillik yolu ilə gedən insanın «dilindən böhtan çıxmaz, başqasına pislik etməz, dostuna qara yaxmaz» (Zəb. 15:2, 3; Yaq. 3:5).

YEHOVA İLƏ MÜNASİBƏTİNİZİ UNUTMAYIN

15. Sədaqətinə görə Yusif hansı mükafatı aldı?

15 Biz Yusifin Yehova ilə münasibətindən vacib bir dərs öyrənə bilərik. Qul və məhbus kimi yaşadığı 13 il boyunca Yusif göstərdi ki, o, hadisələrə Yehovanın nöqteyi-nəzəri ilə yanaşır (Yar. 45:5—8). O, heç vaxt düşdüyü çətin vəziyyətlərə görə Yehova Allahı günahlandırmırdı. Çəkdiyi əzabları unutmasa da, kin saxlamırdı. Ən vacibi isə o imkan vermirdi ki, insanların qeyri-kamilliyi və onların səhv hərəkətləri onu Yehovadan uzaqlaşdırsın. Yusifin sədaqətinə görə Yehova haqq-ədaləti bərqərar etdi, həmçinin onun və doğmalarının başından bol nemət tökdü.

16. Bacı-qardaşlar tərəfindən haqsızlıq görəndə nəyə görə Yehovaya daha da yaxın olmalıyıq?

16 Biz də Yusif kimi Yehova ilə münasibətlərimizi qiymətləndirməli və qorumalıyıq. Heç vaxt yol verməməliyik ki, bacı-qardaşların səhvləri bizi sevdiyimiz və ibadət etdiyimiz Allahımızdan uzaqlaşdırsın (Rom. 8:38, 39). Əgər dindaşımız bizə qarşı haqsızlıq edibsə, gəlin Yusif kimi Yehovaya daha da yaxın olaq və vəziyyətə Yehovanın gözü ilə baxaq. Məsələni həll etmək üçün Müqəddəs Kitabdakı məsləhətlərə əməl edəndən sonra işi Yehovanın öhdəsinə buraxmalıyıq. Əmin olmalıyıq ki, O, vaxtı çatanda və düzgün şəkildə məsələni yoluna qoyacaq.

«BÜTÜN DÜNYANIN HAKİMİ»NƏ GÜVƏNİN

17. «Bütün dünyanın Hakimi» olan Yehova Allaha güvəndiyimizi necə göstərə bilərik?

17 Nə qədər ki bu Şeytan dünyasında yaşayırıq haqsızlıqla üzləşəcəyik. Hərdən biz və ya tanışlarımızdan kimsə bacı-qardaşlar tərəfindən bizim aləmimizdə haqsızlıq kimi görünən rəftara məruz qala bilər. Belə hallarda çalışın inciyib imanda zəifləməyəsiniz (Zəb. 119:165). Əksinə, gəlin belə vəziyyətlərdə Yaradana sadiq bir bəndə kimi dərdimizi Ona danışıb Onda pənah tapaq. Həmçinin nəzərə almalıyıq ki, bütün faktları bilmirik və ya yanıla bilərik. Yusifdən nümunə götürərək dilimizi yüyənləməliyik, əks halda vəziyyət qəlizləşə bilər. Və ən nəhayət, məsələni öz bildiyimiz kimi həll etməkdənsə, yaxşı olardı ki, Yehovaya sığınıb səbirlə Onu gözləyək. Bu cür davransaq, biz də Yusif kimi Yehovanın rizasını qazanacaq və Ondan nemət alacağıq. Əmin ola bilərik ki, «bütün dünyanın Hakimi» olan Yehova Allah heç vaxt haqsızlıq etməz, çünki Onun «bütün yolları haqq»dır (Yar. 18:25; Qan. 32:4).

18. Növbəti məqalədə nəyi nəzərdən keçirəcəyik?

18 Gördüyümüz kimi, qədimdə də Yehova Allaha ibadət edən insanların arasında haqsızlığa yol verilirdi. Növbəti məqalədə bununla bağlı başqa iki hadisəni nəzərdən keçirəcəyik. Bu hadisələrdən görəcəyik ki, təvazökar və bağışlayan olmaq ədalət məsələsinə Yehovanın gözü ilə baxmağa necə kömək edə bilər.

^ abz. 7 Villi Dill qardaşın bioqrafiyasını «Gözətçi qülləsi» jurnalının 1991-ci il 1 noyabr sayının 25—29 səhifələrindən (rus.) oxuya bilərsiniz.